Xəbəri Kokpitdə Oxuyun!

Belçika-2025: Sprint yarışına Piastri öndən başlayacaq

Belçika Qran Prisi ardıcıl 5 ay ərzində sprint həftəsonu formatının tətbiq edildiyi yeganə yarışdır – ən son belə hal mayda Mayamidə olmuşdu və növbəti sprintli həftəsonu oktyabrda Ostində baş tutacaq.

Pilotlar yeganə sərbəst yürüşlərdə qısa və orta məsafəli seriyalarla işləyib, bolidləri sıralanma turuna hazırlamağı çalışıblar. Səhər ən yaxşı nəticəni Oskar Piastri göstərib. Yeddi kilometrlik mürəkkəb tras üçün optimal sazlamaları bir saata tapmağı hər kəs bacarmayıb. Bu iş sıralanma turu ərzində də davam etdirilib.

Pirelli bura qeyri ənənəvi üçlüklə gəlib – C1 təkərləri Hard rolundadır, lakin Medium və Soft rolları üçün müvafiq olaraq, C3 və C4 təkərləri gətirilib. C2 tərkibinə yer verilməyərək ardıcıllıq pozulub.

Birinci sessiyada hamı Medium təkərlərlə trasda olub və tıxac yaranıb – Hülkenberqi trasda birbaşa Lousonun qarşısına buraxıblar, bu da Lousonu toqquşmadan yayınmaq üçün dayanmağa məcbur edib. Stüardlar insidenti araşdırmağa götürüblər, lakin heç kimi cəzalandırmayıblar. Ferstappenin bolidi üzərində mexaniklərin işi davam edib, amma bir neçə dəqiqə sonra o da trasda olub.

Antonelli sürətli dövrədə yerində fırlanıb, qumluğa çıxıb və nəticə göstərmədən boksa qayıdıb, 14-cü döngəni qum ilə doldurub – nəticədə həmin zonada digər maşınlar sürüşməyə başlayıb. Sessiyanın sonunda Həmilton əyləcdə problem yaşayıb, yerində fırlanıb və Bus Stop-da trasdan çıxaraq dövrəni tamamlaya bilməyib.

Ən yaxşı dövrəni Oskar Piastri vurub – 1:41.769. Mübarizəni beş müxtəlif komandanın pilotu dayandırıb: Antonelli, Kolapinto, Həmilton, Hülkenberq, Elbon

İkinci sessiyanın startı qumun təmizlənməsi üçün beş dəqiqə gecikdirilib. Yenə hamı Medium təkərlərlə trasda görünüb. Piastrinin ilk sürətli dövrəsi dördüncü döngədə trasdan çıxdığı üçün ləğv edilib, ikinci cəhddə isə o, yalnız onuncu olub. Protokola Lando Norris başçılıq edib – 1:41.412. Stroll, Alonso, Rassell, Tsunoda və Louson son sessiyaya keçə bilməyiblər.

Final sessiyasının startı da qumun təmizlənməsi üçün gecikdirilib. Bütün pilotlar Soft təkərlərlə trasda olublar, sürətlər artıb. Piastri ən yaxşı nəticəni göstərib – 1:40.510 və ən yaxın rəqibini yarım saniyəyə yaxın qabaqlayıb.

Oskar Piastri karyerasında üçüncü dəfə sprint təsnifat mərhələsinin qalibi olub. Sabah Maks Ferstappen onunla birlikdə birinci cərgədən start alacaq. İkinci cərgədə Norris və Lekler, üçüncü cərgədə isə Okon və Sayns yer alacaqlar.

Elçin Zodorov

Şərh əlavə et