Son həftələr Formula 1 ictimaiyyətində ən çox müzakirə olunan mövzulardan biri Maks Ferstappenin Red Bull-dan ayrılıb Mercedes-ə keçəcəyi ilə bağlıdır. Xüsusilə də Red Bull komandasının rəhbəri Kristian Hornerin vəzifəsindən uzaqlaşdırılacağına dair iddialar bu ehtimalları daha da gücləndirmişdi.
Lakin Mercedes tərəfindən verilən son açıqlamalar bu şayiələrin yaxın müddətdə reallaşmayacağını göstərir.
Toto Volf Belçika Qran Prisi ərəfəsində verdiyi müsahibədə bu barədə belə deyib: “Düşünmürəm ki, bu məsələdə ciddi sürprizlər baş versin. Maksın transferi ilə bağlı hazırda konkret heç nə yoxdur”.
Mercedes komandasının 2026-cı il mövsümü üçün pilot heyəti barədə qərar verməsi gözlənilir. Lakin Volf bu qərarın yalnız komanda tərəfindən yox, eyni zamanda pilotların performansı ilə formalaşacağını qeyd edib: “Təkcə komandanın qərarı ilə bu proses yekunlaşmır. Pilotlar da nə ilə qarşılaşacaqlarını bilməlidirlər. Biz həmişə bu prinsipə sadiq olmuşuq və bu dəfə də eyni yanaşmanı edəcəyik
İstiqamətimiz Corc (Rassell) və Kimi (Antonelli) ilə davam etməkdir. Bu bizim əsas prioritetimizdir. Danışıqlar davam edir və bütün tərəflər vəziyyətdən xəbərdardırlar.
Ferstappenin “ayrılma maddəsi” artıq qüvvədən düşüb
Volf eyni zamanda Ferstappen kimi ardıcıl dördqat dünya çempionu olmuş və 65 yarış qələbəsi əldə etmiş bir pilotun mümkün transferini nəzərdən keçirməməyin mümkünsüz olduğunu qeyd edib: “Maksın gələcək planlarını diqqətdən kənarda saxlamaq mümkün deyil. Bu barədə düşünmüşük, lakin böyük sürpriz baş verəcəyini zənn etmirəm”.
Ferstappenin müqaviləsində xüsusi bir maddə mövcuddur. Bu maddəyə əsasən o, çempionatın ortasında pilotlar sıralamasında ilk üçlükdə olmasa, Red Bull-dan ayrılıb başqa komandaya keçə bilərdi.
Lakin hazırda Ferstappen pilotlar çempionatında üçüncü pillədə qərarlaşdığı üçün bu “ayrılma maddəsi” artıq hüquqi qüvvəsini itirib.
Sosial mediada yayılan fotolara zarafatla cavab verdi
Son günlər sosial şəbəkələrdə Toto Volff və Maks Ferstappenin birlikdə istirahət etdiklərini göstərən fotokollajlar yayılıb. Bu görüntülər transfer ehtimallarını bir qədər artırsa da, Toto Volf buna soyuqqanlı və zarafatla cavab verib: “İndi yeni olan odur ki, insanlar təyyarələrlə foto kollajlar düzəldirlər. Belə bir şey daha əvvəl olmamışdı.
Lakin eyni ərazidə tətil keçirmək heç də Formula 1-də birgə işləmək demək deyil.
Maksla münasibətimiz hər zaman yaxşı olub. Sadəcə olaraq, təsadüfən tətilimizi eyni bölgədə keçirmişik.”
Şərh əlavə et