2022-ci ildən başlayan yeni texniki dövrdə Mercedes bəzi yarışlarda üstün performans göstərsə də, – 2022 Interlagos, 2024 Las Veqas və builki Monreal yarışı – lakin əksər yarışlarda geridə qalaraq stabil nəticə əldə edə bilməyib.
Bu mövsüm Mercedes üçün ən uğurlu yarış Kanada Qran Prisi olub. Həmin yarışda Corc Rassell qələbə qazanıb, gənc pilot Kimi Antonelli isə karyerasında ilk dəfə podiuma yüksəlib. Lakin bu uğurlu həftəsonundan sonra komanda Red Bull Rinq və Silverstounda cəmi 11 xal toplaya bilib.
İndi isə növbəti yarış Spa-Frankorşam trasıdır. Bu trek texniki xüsusiyyətlərinə görə W16 bolidinin güclü tərəfi olan yavaş döngə və sürətlənmə üstünlüklərinə uyğun gəlmir.
Buna baxmayaraq, Belçikanın dəyişkən hava şəraiti Mercedes-ə gözlənilməz üstünlüklər qazandıra bilər.
Komanda rəhbəri Toto Volff Spa və onun ardınca baş tutacaq Hungarorinq yarışlarını komanda üçün dönüş nöqtəsi hesab edir. Məqsəd, yay fasiləsinə qədər stabil nəticələr göstərmək və ardınca tam olaraq 2026-cı ilə fokuslanmaqdır.
Toto Volf yaxınlaşan yarışlar öncəsi bunları bildirib: “Qarşıdakı iki yarış yay fasiləsinə güclü şəkildə daxil olmaq üçün əla fürsət yaradır. Mövsümün ilk 12 yarışında bəzi anlarda lider idik, amma bəzi yarışlarda da çətinlik çəkdik. Bu dəyişkənliyi tarazlamaq üçün bütün enerjimizi bu istiqamətə yönəltmişik.
Hər yarışda rəqabətədavamlı olmaq üçün ciddi şəkildə çalışırıq. Yay fasiləsindən sonra isə istər-istəməz diqqətimiz 2026-cı ilə yönələcək.
Spa və Hungarorinq inkişaf prosesində bizə çox şey öyrədəcək, çünki bu traslar tamamilə fərqli xarakterə malikdirlər. Spa hündürlük dəyişmələri, yüksək sürətli döngələr və dəyişkən hava şəraiti ilə seçilir. Budapeşt isə dar və mürəkkəb döngələri ilə asfalt temperaturunun ən yüksək olduğu traslardandır.
Bu iki yarışda bolidimizi inkişaf etdirmək və hər həftəsonunu maksimum səmərə ilə başa vurmaq istəyirik. Məqsədimiz güclü nəticələr əldə etməkdir”.
Şərh əlavə et