Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Sabah oyanmaya bilərəm

Red Bull komandasının pilotu Maks Ferstappen komandanın keçmiş rəhbəri Kristian Hornerin vəzifədən getməsindən sonra ilk dəfə ictimaiyyət qarşısında açıqlama verib. Belçika Qran Prisindən əvvəl jurnalistlərin suallarını cavablandıran niderlandlı sürücü bildirib ki, Hornerin gedişinin onun Red Bull-dakı gələcəyinə təsir etməyəcək.

Kristian Hornerin komandadan ayrılması Red Bull-un performans baxımından gerilədiyi və komanda daxilində problemlərin ortaya çıxdığı bir dövrə təsadüf edib. Lakin Maks Ferstappen bu vəziyyəti böyük təşkilatlar üçün normal hesab edir: “Xeyr, bu qərar mənim üçün heç nəyi dəyişmir. İnsanlar bəzən fikir ayrılığına düşə bilər. Məncə, bu, təbiidir. Əgər hamı eyni fikirdə olsaydı, bu, daha böyük problem olardı. Bu, işin bir hissəsidir”.

O, gələcək planlarında əsas meyarın avtomobilin performansı olduğunu vurğulayıb: “Mənim üçün əsas məsələ bolidin mümkün qədər sürətli olmasıdır. Son bir il yarım istədiyimiz kimi keçmədi. İndi daha rəqabətli olmağa çalışırıq və diqqətimizi əsasən 2026-cı ildən tətbiq ediləcək yeni texniki qaydalara yönəltmişik”.

“Məni əvvəlcədən məlumatlandırdılar”

Ferstappen bildirib ki, Hornerin vəzifədən uzaqlaşdırıldığını yarışdan bir gün əvvəl Red Bull-un səhmdarlarından öyrənib və bu məlumatlandırma prosesinin tam normal olduğunu söyləyib: “Yarışdan əvvəl səhmdarlar mənimlə əlaqə saxladı. Aramızda hər zaman yaxşı münasibət olub. Belə dəyişikliklər zamanı bəzi komanda üzvlərinin öncədən xəbərdar edilməsi tamamilə normaldır”.

O, Hornerlə münasibətlərin hələ də davam etdiyini əlavə edib: “Son 20 ilə nəzər salsaq, birlikdə çox uğurlu dövr keçirmişik. İndi isə irəliyə baxmaq lazımdır. Kristian mənim üçün hələ də ailə kimidir. Yarış həftəsonlarında burada olmasa da, münasibətimiz əvvəlki kimidir”.

Yeni rəhbər Mekis barədə: “Zəkalı və motivasiyalı biridir”

Red Bull-un yeni komanda rəhbəri Loran Mekis barədə də danışan Ferstappen ilk təəssüratlarının müsbət olduğunu deyib: “Onunla bir neçə görüşümüz olub. Hazırda hələ tras üzərində real vəziyyəti qiymətləndirmək mümkün deyil. Amma indiyədək hər şey yaxşı gedir. O, çox ağıllı və motivasiyalı biridir. Formula 1-in fərqli sahələrində işləməsi də onun üçün üstünlükdür”.

Mercedes iddialarına zarafatla cavab

Red Bull ilə 2028-ci ilə qədər qüvvədə olan müqaviləsi olsa da, Ferstappenin bəzi “ayrılma maddələri” olduğu məlumdur. Onun Mercedes ilə danışıqlar apardığına dair şayiələrə isə zarafatla cavab verib: “Sabah oyanmaya da bilərəm, bu halda heç yarışmam. Həyat proqnozlaşdırıla bilməz. Amma ümumilikdə Red Bull-da olduğum üçün çox xoşbəxtəm. Bu müqaviləni imzalayanda məqsədim karyeramı burada başa vurmaq idi”.

Rauf Hacıyev

Şərh əlavə et