Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Alonso, Fettel kimi olmayacağam

Formula 1 üzrə Yeddiqat Dünya Çempionu Lyuis Həmilton 2026-cı ildən qüvvəyə minəcək yeni texniki reqlament ilə birlikdə Ferrari-ni zirvəyə daşımaq üçün ciddi şəkildə çalışdığını bildirib.

Kokpit.az xatırladır ki, Ferrari artıq 18 ildir ki, Sürücülər Çempionatında birinci ola bilmir. Hətta, Fernando Alonso və Sebastyan Fettel kimi Dünya Çempionları da Ferrari ilə uğur qazana bilməyiblər.

Ferrari-nin keçmişdə Alonso və Fettel kimi Dünya Çempionları ilə titul qazana bilmədiyini xatırladan Lyuis Həmilton bildirib ki, onların taleyini yaşamaq istəmir: “Son 20 ilə baxdığınızda, bu komandada möhtəşəm pilotlar olub. Kimi (Rəykkönen), Fernando (Alonso), Sebastyan (Fettel)… Hamısı dünya çempionlarıdır. Amma Alonso və Fettel Ferrari ilə çempionluq qazana bilmədilər və mən bu halın özüm üçün təkrarlanmasına icazə verməyəcəyəm. Buna görə də, bacardığımdan da artıq səylə çalışıram”.

Həmilton Maranello bazasında hər imkanı dəyərləndirdiyini və komandanın işində fəal şəkildə iştirak etdiyini vurğulayıb: “İki həftə boyunca bazada idim və həftənin bir neçə günü orada oldum. Komandadakı bölmə rəhbərləri, Con Elkan, Benedetto Vinya və Fred Vassyör ilə çoxlu görüşlər keçirdim. Avtomobilin inkişafına cavabdeh Loik Serra ilə mühərrik, ön və arxa asılqanlar mövzusunda danışıqlar apardıq. İlk yarışlardan sonra komandaya ətraflı hesabat təqdim etdim. Sonradan iki yeni sənəd də göndərdim.

Bəzi məsələlər cari maşınla bağlı idi, bəziləri isə ümumilikdə komandanın struktur baxımından daha funksional olması üçün lazım olan dəyişiklikləri əhatə edirdi. 2026-cı il bolidini ilk dəfə sınaqdan keçirdik və 30 mühəndislə təkbətək rəy mübadiləsi apardıq. Bu, həqiqətən böyük səydir”.

Hamilton Ferrari-də yüksək potensial və böyük ehtiras gördüyünü deyib: “Bu komandada böyük potensial və ehtiras var. Amma bu çox böyük orqanizmdir və bəzi hissələr hələ düzgün işləmir. Ferrari-nin hələ də arzuladığı uğurlara çata bilməməsinin səbəblərindən biri də budur. Buna görə də mənim vəzifəm hər bir sahəni təhlil etmək və xüsusilə qərarvericiləri çətin suallarla üz-üzə qoymaqdır.

Marketinqdən mühəndisliyə qədər bir çox sahədə inkişaf əldə edirik. Sponsor münasibətlərindən tutmuş mühəndislərin iş metoduna qədər inkişaf görürük. Hələ qarşıda görüləsi çox iş var, amma komanda olduqca həssasdır. Mən də təşkilat daxilində müttəfiqlər qazanmağa və onları hərəkətə gətirməyə çalışıram.

Mən bura qalib gəlmək üçün gəlmişəm. Yanımda oturan Antonelli qədər vaxtım yoxdur. Ona görə də indi kritik bir mərhələdəyik. Bu komandanın potensialına ürəkdən inanıram. Onlar birdən çox çempionluq qazana biləcək struktura sahibdirlər. Onsuz da zəngin bir irsləri var. Amma mən Ferrari-də keçirdiyim müddətdə yalnız bir məqsəd güdürəm: Qalib gəlmək”.

Rauf Hacıyev

Şərh əlavə et