Xəbəri Kokpitdə Oxuyun!

J.Vilnöv: Alonso Həmiltondan böyük pilotdur

Formula 1 tarixinin ən uğurlu pilotlarından biri hesab olunan Lyuis Həmilton yeddi Dünya Çempionluğu və 100-dən çox yarış qələbəsi ilə bir çox mütəxəssisə görə idman tarixinin ən böyük sürücüsüdür. Lakin 1997-ci ilin dünya çempionu Jak Vilnöv bu fikirlə razı deyil və bu titula daha çox Fernando Alonsonun layiq olduğunu düşünür.

Jak Vilnöv verdiyi müsahibədə Həmilton və Alonsonu müqayisə edərkən, açıq şəkildə Alonsoya üstünlük verdiyini bildirib: “Mən Alonsoya üstünlük verirəm, çünki Hamiltonun çox sayda qeyri-sabit mövsümü olub. Əlbəttə, çempionluqlarının sayı çoxdur, amma bu təkcə rəqəmlə ölçülməməlidir”.

Kanadalı sabiq çempion Hamiltonun bəzi mövsümlərdə yarışlarda tamamilə yox olduğunu, sonra isə qəfil forma yığıb qələbələr qazandığını qeyd edib.

O, həmçinin Hamiltonun Mercedes ilə qazandığı bəzi titulların bolidin texniki üstünlüyü səbəbilə olduqca asan başa gəldiyini vurğulayıb: “O avtomobillərlə Bottas belə çempion ola bilərdi. Hamilton o illərdə mübarizə aparmağı unutmuşdu. İlk çempionluğu çətin idi, amma sonrakılar olduqca asanlıqla başa gəldi”.

Vilnövə görə Alonso hər zaman mübarizə aparan pilot olub. İkiqat Dünya Çempionu olan ispan pilotun karyerasının çətinliklərlə dolu olduğunu deyən Vilnöv, onun əsasən yanlış komanda seçimləri etdiyini vurğulayıb: “Həmilton doğru zamanlarda doğru komandaları seçdi. Alonso isə bəxtsiz qərarlar verdi. Ferrari ilə iki dəfə son yarışa qədər titula yaxın oldu, amma alınmadı. McLaren-də isə komanda daxilindəki balans pozuldu”.

Jak Vilnöv 2007 mövsümünü də xatırladaraq bildirib ki, Alonso o zaman McLaren-ə ikiqat dünya çempionu kimi gəlmişdi, lakin komandanın Lyuis Həmiltonu açıq şəkildə dəstəkləməsi Alonsonu tək buraxmışdı: “Ron Dennis Həmiltonu komandanın gələcəyi kimi görürdü və Alonsonu kənarlaşdırdı. Bu daxili qarşıdurma nəticədə komandanın çöküşünə səbəb oldu”.

Rauf Hacıyev

Şərh əlavə et