Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Belçikaya yenilik paketi gətirir

Ferrari komandasının rəhbəri Frederik Vassyör bu həftə sonu keçiriləcək Belçika Qran Prisində yenilik paketini test edəcəklərini açıqlayıb.

Komanda uzun müddətdir yaşadığı balans problemlərini aradan qaldırmaq və bolidi yerə daha yaxın etmək üçün xüsusi texniki yeniliklər üzərində çalışırdı. Sözügedən paket əvvəlcə Mucelloda sınaqdan keçirilib və bu həftə sonu Spa-Frankorçamps yarışı üçün istifadəyə təsdiqlənib.

Frederik Vasstör yeni paketlə bağlı bunları deyib: “Belçika Qran Prisi yay arasından əvvəlki son ikili yarış həftəsinin ilk mərhələsidir. Bazada böyük əmək sərf edərək, SF-25 üçün yenilik paketi hazırlamışıq. Həftə sonundakı əsas prioritetimiz bu paketin potensialını cümə günündən etibarən maksimum səviyyədə istifadə etmək olacaq”.

O, Spa yarışının sprint formatında keçiriləcəyini xatırladaraq bildirib: “Sprint həftəsonlarında ilk sərbəst yürüş sessiyasına yaxşı başlamaq son dərəcə vacibdir. Hazırda komandalar arasında fərqlər çox kiçikdir. Bu səbəblə hər xırdalıq nəticəyə təsir göstərə bilər.

Biz diqqətimizi yalnız öz performansımıza yönəldəcəyik və həftəsonunun hər anında əlimizdən gələni etməyə çalışacağıq. Üstəlik, bu trasda hava şəraiti də mühüm rol oynaya bilər”.

Rauf Hacıyev

Şərh əlavə et