Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Taleyim Mercedes-dən asılıdır

Spada jurnalistlər Mercedes komandasının sürücüsü Corc Rasselldən gələn mövsümdə harada yarışacağı barədə soruşublar. Pilot bildirib ki, gələcəyi barədə qərarlar Mercedes tərəfindən verilib və özü bu barədə narahatlıq keçirmir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücünün Mercedes-lə müqaviləsi ilin sonunda başa çatacaq. Lakin tərəflər hələ də yeni müqavilə bağlamayıblar. Üstəlik Maks Ferstappenin Red Bull-dan ayrılıb, “gümüşü oxlar”ın heyətinə keçməsi gündəmdədir.

Corc Rassell mövzuya belə münasibət bildirib: “Hər şey vaxtı gələndə həll olunacaq. Mənim işlərimlə Mercedes məşğuldur, taleyim onların əlindədir. Söhbətlər gedib, amma birbaşa mənimlə yox. Qəzetlərdə bu barədə olan səs-küy, əslində komanda daxilində baş verəndən daha çoxdur.

Açığı, bu barədə çox düşünmürəm. Son aylarda jurnalistlərin bu barədə daimi sualları mənə fürsət verib ki, vəziyyətə münasibətimi müəyyən edim – gələcəyimi təmin etməyə çalışıb stress keçirmək, yoxsa bunu düşünmədən sürətə və nəticələrə fokuslanmaq, hansı ki, məni gələcəyə aparır.

Bu iki həftəlik fasilə mənə kömək edib, yaxşı istirahət edib, özümə gəlmişəm. Özümü son aylarla müqayisədə daha rahat hiss edirəm və baş verənlərlə barışmışam. Hazırda sadəcə qarşıdakı hər yarışa ayrıca fokuslanıram və gələcəyimi təmin etməyə tələsmirəm”.

Rauf Hacıyev

Şərh əlavə et