Kokpit.az xatırladır ki, Williams komandası son 5 yarışdan 8 xal toplayıb və onların çempionatdakı beşinci yeri təhlükə altına düşüb.
Karlos Sayns bildirib ki, Silverstoundan sonra yaranan qısa fasilə hər kəsə yaxşı təsir edib: “Özümü dincəlmiş kimi hiss edirəm və dünya çempionatının ən yaxşı traslarından birində çıxış etməyə hazıram. Spa hər zaman çətin mərhələdir – həm hava şəraiti, həm də trasın xüsusiyyətləri sürprizlərə səbəb ola bilər. Bu il həftəsonu şənbə sprinti formatında keçiriləcək ki, bu da mübarizəni daha maraqlı edir. Komanda bu yarışa bir neçə yenilik gətirəcək və onların nəticəsini görmək maraqlı olacaq. Ümid edirəm ki, Spa yarışı bizim üçün uğurlu keçəcək”.
Aleks Elbon da komandanın yarışa hazır olduğunu bildirib: “Spa təqvimdəki ən maraqlı yarışlardan biridir və bu trasda mübarizə aparmaq həmişə xüsusi hisslər yaradır. Komandamız Spa yarışında adətən pis nəticə göstərmir, bu dəfə də optimistəm. Silverstounla Spa arasındakı qısa fasilə bizə avtomobili daha yaxşı anlamağa və son yarışlardan nəticə çıxarmağa imkan verdi. Sevindiricidir ki, maşın inkişaf edir və ümid edirəm ki, bu mərhələdə gətirilən yeniliklər bizə mövsümün ilk hissəsini yaxşı nəticə ilə başa vurmağa kömək edəcək”.
Şərh əlavə et