Xəbəri Kokpitdə Oxuyun!

N.Hülkenberq: Spa möhtəşəmdir

Son yarışlarda yaxşı nəticələr qazanaraq çempionatda 6-cı yerə yüksələn Sauber komandası növbəti Belçika Qran Prisində də yaxşı nəticəyə ümid edir.

Kokpit.az xatırladır ki, İsveçrə təmsilçisi iki həftə əvvəl Silverstounda Niko Hülkenberqlə podium qazanmışdı. İndi isə onlar alma sürücünün uğuru ilə motivasiya qazanıblar və bu həftəsonu Belçikada keçiriləcək Spa yarışında da yüksək nəticələr gözləyirlər.

Sauber komandasının rəhbəri Conatan Uitli: “Silverstoundakı yarış bütün komanda üçün xüsusi an oldu və ikihəftəlik fasilə bu uğurun həzzini çıxarmaq üçün bəs elədi. Son nəticələr komandamızın özünəinamını artırıb. Artıq bilirik ki, mübarizənin içindəyik və bu uğuru Spa yarışında – xüsusilə də şənbəgünü  sprint yarışında davam etdirmək istəyirik.

Son yarışlardan qazandığımız təcrübəyə əsaslanaraq deyə bilərik ki, stabillik və diqqətlə işləmək bizə daha çox xal qazanmağa kömək edəcək”.

Niko Hülkenberq: “Silverstoundakı podiumu heç vaxt unutmayacağıq. Bu həm mənim, həm də komandanın həyatında unudulmaz bir hadisə oldu. Amma indi tam şəkildə qarşıdakı yarışlara fokuslanmışıq.

Spa – əsl klassikadır! Çətin və sürətli trasdır, dəyişkən hava şəraiti və üstəlik sprint formatı olan bir həftəsonu bizi gözləyir.

Son vaxtlar müsbət nəticələr əldə etmişik və bu tempi qoruyaraq əsas rəqiblərimizi geridə qoymaq istəyirik. Gündəlik işimizi düzgün şəkildə yerinə yetirsək, bu həftəsonu da yüksək yerlər uğrunda mübarizə apara biləcəyik”.

Gənc sürücü Qabriel Bortoleto isə Formula 1-də ilk dəfə Spa trasında sürəcək: “Gənclər seriyalarında Spa-da yarışmağı həmişə çox sevmişəm. İndi isə bu əfsanəvi trası Formula 1 bolidi ilə sınamaq üçün səbirsizlənirəm.

Silverstoundan sonra olan fasiləni maksimum dərəcədə səmərəli keçirdim: istirahət etdim, məşqlərlə məşğul oldum və simulyatorda intensiv hazırlaşdım. Komandadakı pozitiv atmosfer mənə əlavə motivasiya verir.

Məqsədim öyrənməyə davam etmək, özümü inkişaf etdirmək və komandaya yay fasiləsinə yüksək əhval-ruhiyyə ilə yollanmağa kömək etməkdir”.

Rauf Hacıyev

Şərh əlavə et