Xəbəri Kokpitdə Oxuyun!

D.Hill Şumaxerlə bağlı danışıb

Formula 1 üzrə 1996-cı ilin Dünya Çempionu Deymon Hill əzəli rəqibi Mixael Şumaxerlə olan rəqabəti barədə danışıb.

Kokpit.az xatırladır ki, Naycel Mansell və Alen Prost kimi böyük pilotların idmandan getməsi, həmçinin Ayrton Sennanın 1994-cü ildə San Marino Qran Prisində faciəvi şəkildə dünyasını dəyişməsindən sonra, 1990-cı illərin ortalarında Formula 1-in yeni simaları Deymon Hill və Mixael Şumaxer olmuşdu.

Həmin dövrdə bu iki pilot çempionluq uğrunda amansız mübarizə aparırdı. Şumaxer 1994 və 1995-ci illərdə Benetton komandası ilə çempionluq qazanmışdı. Hill isə 1996-cı ildə Williams-la karyerasının ilk və yeganə çempionluğunu əldə etmişdi.

Bu rəqabətin ən yaddaqalan anlarından biri 1994-cü ilin Avstraliya Qran Prisi olmuşdu. Şumaxer yarış zamanı səhv edərək divara çırpılmış, daha sonra trasa qayıdan zaman Hillin maşınına təmas etmiş və onu yarışdan kənarlaşdırmışdı. Bu hadisə nəticəsində Şumaxer mübahisəli şəkildə çempionluğu təmin etmişdi.

İki pilot arasındakı gərginlik bununla bitməmişdi. Həmin ilin Britaniya Qran Prisində Şumaxer qızdırma dövrəsində Hilli keçərək qaydaları pozmuş və nəticədə qara bayraqla diskvalifikasiya olunmuşdu.

1996-cı ildən sonra Hill yavaş-yavaş yarışlardan uzaqlaşmağa başlamış, Şumaxer isə Formula 1-də hegemonluğunu davam etdirmişdi. Ferrari-də yarışdığı dövrdə – 2000–2004-cü illər arasında ardıcıl beş dünya çempionluğu qazanmış və ümumi çempionluqlarının sayını yeddiyə çatdırmışdı. Bu rekord sonradan Lyuis Hamilton tərəfindən təkrarlanmışdı.

Deymon Hill: “Heç bir şübhə yoxdur ki, o məni sıradan çıxarmağa və alçaltmağa çalışırdı.
Əlbəttə, bunu etmək üçün bütün vasitələrə sahib idi. Onun bu davranışlarında bir az pis niyyət hiss olunurdu və bu mənə heç də xoş gəlmirdi.

Yarış kariyeramı bitirdikdən sonra F1 Racing jurnalı üçün onunla müsahibə götürməyi qəbul etdim. Tamamilə fərqli bir insan təsiri bağışlayırdı – əyləncəli və xoş bir insan kimi görünürdü. Amma trasda olan rəqabətdə bu üzünü heç vaxt görə bilməzdiniz.

Çənəsini irəli çıxarar, sinəsini qabağa verər, yeriyərkən özündən razı addımlarla gəzərdi. Sanki ətrafına özünəinam saçırdı. O, əsl yarışçı idi.

Düşünürəm ki, onun kimi çox pilot yoxdur. Hətta Maks belə Şumaxer qədər təkəbbürlü deyil. Amma onun başına gələnlərə görə həqiqətən çox məyus oluram”.

Rauf Hacıyev

Şərh əlavə et