Kokpit.az xatırladır ki, Kristian Horner Red Bull komandasının rəhbərliyindən qovulduqdan sonra onu Racing Bulls komandasının rəhbəri Loren Mekis əvəz edib. Mekisin yeribə isə RB-nin yarış direktoru Alan Permeyn gətirilib.
Britaniyalı mütəxəssis təyinatı barədə emosional danışıb: “Xəbərləri eşidəndə çox emosional oldum. Bir az şok, bir az qürur yaşadım. Komandaya rəhbərlik edə biləcəyimə inanırlar və bu, əla haldır. Red Bull-un idarə heyətinə, Oliver Mintslaffa, Helmut Markoya və Loren Mekisə təşəkkür edirəm. Bu əla xəbər oldu.
Racing Bulls komandasının təxminən 700 əməkdaşı var. İngiltərənin Milton Kins və İtaliyanın Faentsa şəhərlərindəki bazaların idarəsinə cavabdeh olacaq yeni rəhbər Alan Permeyn yaxın gələcəkdə dəyişiklik etməyi planlaşdırmadığını bildirib: “Planım işləri olduğu kimi davam etdirməkdir. Loren və Piter Bayer son 18 ayda bu komandanı çox yüksək səviyyəyə çıxarıblar. Komanda hazırda orta qrupun liderliyi uğrunda mübarizə aparır və biz bunu mövsüm ərzində qoruyub saxlayacağıq.
Daha əvvəl Enstoun mərkəzli Benetton, Renault, Lotus və Alpine komandalarında mühəndislik və idman direktorluğu kimi vəzifələrdə işləmiş Permeyn 2024-cü ilin yanvarında Racing Bulls komandasına yarış direktoru kimi qoşulmuşdu. İndi isə ilk dəfə komanda rəhbəri kimi fəaliyyət göstərəcək.
Alan Permeyn: “İdman direktoru vəzifəsi bu vəzifə üçün yaxşı təməl yaradır, amma bu, əlbəttə ki, daha böyük məsuliyyətdir. Əvvəllər 60-70 nəfərlik heyəti idarə edirdimsə, indi iki bazaya, ümumilikdə isə 700-dən çox şəxsə cavabdehəm. Yeni meydan oxuma olacaq, lakin bu rolu üzərimə götürməyə hazıram”.
Permeyn yarış direktoru vəzifəsinə yeni bir şəxsin təyin edilməyəcəyini bildirərək, bu vəzifəni hələlik baş yarış mühəndisi Mattia Spininin icra edəcəyini deyib: “Mattia çox istedadlı baş mühəndisdir. Üzərinə daha çox məsuliyyət götürmək istəyir və bunun üçün də kifayət qədər təcrübəyə malikdir. Keçid dövründə mən də daha fəal olacağam, amma bu məsələ ilə bağlı narahatlığım yoxdur”.
Permeyn həmçinin köhnə dostu – hazırda Sauber komandasının rəhbəri olan Conatan Vitlinin təbrik mesajını və keçmişlərinə dair bir xatirəni də bölüşüb:
“Conatanla Benetton komandasından bəri dostuq. O vaxt mən elektronika mühəndisi idim, o isə Michael Şumaxerin ikinci mexaniki. O vaxtdan bəri çox şey dəyişib, indi isə hər ikimiz komanda rəhbəriyik. Bu, həqiqətən xüsusi andır.
Əvvəllər komanda rəhbəri olmaq kimi bir hədəfim yox idi. Həmişə texniki və idman sahələrinə yaxın olmuşam. Amma indi bu baş verdi və bu çağırışı səbirsizliklə gözləyirəm”.
Şərh əlavə et