Yeni sistemin əsas məqsədi çempionatda irəlidə olan komandalarla geri qalanlar arasındakı fərqi azaltmaq və hamıya bərabər inkişaf imkanı verməkdir. Bununla da, xüsusilə zəif mühərrik istehsalçılarına əlavə inkişaf hüquqları veriləcək.
Nikolas Tombazis bildirib ki, bu sistem digər seriyalarda – məsələn, WEC və GT yarışlarında tətbiq olunan Balance of Performance (BoP) yanaşmasından tamamilə fərqlidir:
“Bunu kibirli formada demirəm, amma BoP sistemi bəzi maşınları süni şəkildə daha sürətli göstərərək, balans yaratmağa çalışır. Bizim məqsədimiz bu deyil” – deyə Tombazis vurğulayıb.
WEC və GT yarışlarında BoP sistemi maşınların əsas texniki xüsusiyyətlərinə – çəkisinə və mühərrik gücünə müdaxilə etməklə tətbiq olunur. Lakin Formula 1-də bu cür süni üsullar nəzərdə tutulmur.
Yeni sistemin adı: Additional Development Opportunities (ADUO) – Yəni “Əlavə İnkişaf İmkanları”
2026-cı ildən qüvvəyə minəcək ADUO sistemi zəif mühərrik istehsalçılarına əlavə test hüquqları verəcək. Məsələn, ən güclü mühərriklə müqayisədə ən azı 3 faiz güc fərqi olan istehsalçılara daxiliyanma mühərrikinin testində 30 faiz daha çox test saatı tanınacaq.
Bu ayrıcalığın kimə veriləcəyi isə yalnız real tras üzərindəki performansa əsaslanacaq. FIA bu məqsədlə avtomobillərə tork sensorları yerləşdirəcək və mühərriklərin əsl gücünü ölçəcək.
Lakin bəzi texniki mütəxəssislər yalnız mühərrik gücünün əsas meyar kimi götürülməsinin yetərli olmadığını düşünür. Çünki 2026-cı ildən tətbiq olunacaq yeni nəsil güc qurğularında at gücü ilə yanaşı, mühərrikin işləmə temperaturu, radiatorların ölçüsü, aerodinamik müqavimət və ümumi çəki də önəmli rol oynayacaq.
Son illərdə FIA test qadağaları, büdcə limitləri və aerodinamik borudan istifadə məhdudiyyətləri ilə komandalar arasındakı iqtisadi uçurumu aradan qaldırmağa çalışır. Lakin bu məhdudiyyətlər zəif komandaların inkişafını çətinləşdirib.
Məhz bu səbəbdən, 2026-cı ildən etibarən tətbiq ediləcək inkişaf ayrıcalıqları bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulur.
Şərh əlavə et