Xəbəri Kokpitdə Oxuyun!

Fərid Quliyev: Siqnalı gözləmirdim

Legends of the Nights yarışında ikinci yeri tutmuş Fərid Quliyev bildirib ki, yarışın startında ona siqnal gözləmədiyi anda verilib. 

Kokpit.az xatırladır ki, Fərid Quliyev yarışa pouldan başlasa da, yarışın startında sonuncu – 11-ci yerə qədər geriləyib. Lakin o, təslim olmayaraq, sona qədər mübarizə aparıb. Yekunda yarışı ikinci yerdə bitirib.

Fərid Quliyev startdakı gecikməsi barədə bunları deyib: “Startda 11-ci yerə gerilədim. Bunun səbəbi isə startı işıqlarla verməli idilər. Mənim olduğum yerdən işıqlar görünmürdü. Mənə dedilər ki, sizə start vaxtı siqnal veriləcək. Siqnal isə gözləmədiyim anda gəldi. Maşının ötürmələrini də dəyişdirməmişdim. Startı verdiyim anda hamı məni keçdi. İkinci dövrədə isə məni vurdular. Lakin buna baxmayaraq, axırıncı yerdən ikinci yerə qədər yüksəldim. Finişi keçəndən sonra elə bildim ki, birinci yerdəyəm. Amma mənə dedilər ki, sən damalı bayrağı keçəncən sonra ötmə etmisən. Buna görə ikinci oldum”.

Yarış ərzində Pərviz Əzizov dövrəvi sürücü olsa da, mavi bayraqlara məhəl qoymayıb və Fərid Quliyevi bir neçə dövrə ləngidib. Fərid bu barədə belə danışıb: “Bizim pilotlar bayraqlara riayət etmirlər. Mavi bayraqlarda arxandakı sürücünü önə buraxmalısan. Nə deyim? Pərviz pilot yoldaşımdır. Riayət etmirdi. Amma mən qızıl anı tapıb onu keçdim”.

Sonda Fərid Quliyev sonuncu yerdən yüksəlməsi barədə bunları deyib: “Çox adrenalin var idi. Startda axırıncı yerə düşürsən. Sonra yüksəlməyə çalışırsan. Burada hamı təcrübəli pilotlardır. Önündə 10 sürücü var. Onlardan 9-nu geridə qoydum və Adillə mübarizə apardım. Lakin Adil güclü pilotdur və yerini yaxşı qorudu”.

Rauf Hacıyev

Şərh əlavə et