Xəbəri Kokpitdə Oxuyun!

Əfsanələrin Yarışı – Adil Axundov gecələrin də əfsanəsidir!

Bakıda həyəcan dolu avtomobil tədbiri – US Legend Cars yarışları üçüncü dəfə baş tutub.

Gecənin əfsanələri” (Legends of The Night) adlı tədbir Dövlət Bayrağı Meydanında keçirilib. Tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Caspian Event Organisers tərəfindən təşkil olunub.

Əvvəlcə trasa kartinq sürücüləri çıxıblar. 10 gənc sürücü birinci yer uğrunda amansız mübarizə aparıblar. Sonda yarışın qalibi  Teymur Rəhimov olub. ikinci üçüncü yerləri isə müvafiq olaraq Rafiq Kazımlı və Ömər Şahmuradlı tutublar.

Kartinq yarışı bitdikdən sonra gecənin ən çox gözlənilən məqamı gəlib – US Legend Car-ların yarışı. Sürücülər yavaş-yavaş kokpitlərinə oturub, start-finiş düzlüyünə çıxıblar. Yarışın start düzülüşü belə olub.

1. Fərid Quliyev
2. Adil Axundov
3. Elçin Həsənov
4. Elvin Xudaverdiyev
5. Vişal Romanov
6. Orxan Abdullayev
7. Pərviz Əzizov
8. Gülhüseyn Abdullayev
9. Murad Həsənov
10. Amal Dadaşov
11. Rəhman Hüseynov

Qızdırma dövrəsindən sonra yarış yerindən startla başlayıb. Yarışın startında pouldan başlayan Fərid Quliyev sonuncu yerə qədər geriləyib. Adil Axundov yarışda liderliyə, Elvin Xudaverdiyev ikinci yerə yüksəlib. Yarışın startında ən çox qazanan pilot isə Murad həsənov olub. O, doqquzuncu yerdən üçüncü yerə qədər yüksəlib.

Yarışın növbəti dövrələrində Fərid Quliyev gerilərdən yüksəlməyə başlayıb. Yarışın birinci döngəsində isə bir neçə insident yaşanıb. Murad Həsənov və Elvin Xudaverdiyev ikinci yer uğrunda mübarizə apararkən, təmas yaşayıblar. yekunda Murad 2 yer itirərək, beşinci yerə qədər geriləyib. Bundan başqa Gülhüseyn Abdullayev də birinci döngədə mübarizə zamanı yerində fırlanıb və o da gerilərə düşüb.

Yarışın ikinci yarısında Fərid Quliyev gerilərdən sürətlə gələrək, birinci yerdəki Adil Axundova çatıb. İki sürücü arasında amansız mübarizə başlayıb – Fərid qovub, Adil qaçıb. Yarışın sonuna qədər bu mübarizə davam edib. Lakin Adil Axundov möhtəşəm formada müdafiə olunaraq, 15 gün əvvəl olduğu kimi yenə də qalib gəlib. Fərid Quliyev isə növbəti dəfə pouldan başladığı yarışda ikinci yerlə razılaşmalı olub. Üçüncü yeri Elvin Xudaverdiyev tutub və karyerasında ilk dəfə dövrəvi yarışda podiuma yüksəlib. Gülhüseyn Abdullayev dördüncü, Murad Həsənov beşinci, Elçin Həsənov isə altıncı yerdə finiş xəttini keçiblər.

Yarışda mübarizəni dayandıran sürücülər də olub. Yenə də gənc sürücülərimiz Vişal Romanov və Amal Dadaşov keçən yarışda olduğu kimi bu dəfə də maşınlarını vaxtından əvvəl saxlamalı olublar. Orxan Abdullayev də maşınını boksa çəkərək, mübarizəni dayandırıb. Günün anti-qəhrəmanı isə Pərviz Əzizov olub. O, mavi bayraqlara məhəl qoymayıb və müvafiq olaraq Adil Axundov, Fərid Quliyev, Elvin Xudaverdiyev və Gülhüseyn Abdullayevi bir neçə dövrə arxasında ləngidib. Bunun məntiqi nəticəsi kimi stüardlar Pərvizə qara bayraq göstərərək, onu yarışdan kənarlaşdırıblar.

Beləliklə, ölkəmizdə ilk dəfə gecə keçirilən US Legend Car-ların yarışı başa çatıb. Növbəti yarışlardan və yeniliklərdən xəbər tutmaq üçün bizi izləməyə davam edin.

Rauf Hacıyev

Şərh əlavə et