Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin ilə Mercedes futbol oynayıblar

Brakli şəhər stadionunda Formula 1 komandaları – Aston Martin F1 və Mercedes-AMG F1 arasında artıq üçüncü ildir təşkil olunan ənənəvi xeyriyyə futbol görüşləri baş tutub. Bu dəfə həm qadın, həm də kişi komandaları meydana çıxıb, buna görə də iki ayrı oyun keçirilib.

Futbol görüşlərinə F1 ruhu ilə yanaşılıb – stadion ətrafında Aston Martin və Mercedes-ə məxsus şou maşınlar sərgilənib, tədbirə dəvət olunmuş musiqiçilər isə tamaşaçıların əhval-ruhiyyəsini yüksəldib. Saat 18:00-dan etibarən stadionda əyləncəli musiqi səslənib.

İlk olaraq qadın komandaları qarşılaşıb və Aston Martin komandasının nümayəndələri Mercedes komandasını 6:2 hesabı ilə məğlub ediblər. İkinci oyunda isə gərgin mübarizədən sonra Toto Volfun rəhbərlik etdiyi Mercedes kişilər komandası 3:2 hesablı qələbə qazanıb.

Hər iki komanda sosial şəbəkələrdə görüşlərdən fotolar paylaşıb. Mercedes komandasının mətbuat xidməti bildirib:
“Qadın və kişi komandalarının oyunları əla idman tədbirinə çevrilib. Toplanan vəsait xeyriyyə məqsədilə Northemptonşir Səhiyyə Fonduna ianə olunub. Oyuna gələn və bilet alan hər kəsə təşəkkür edirik. Eyni zamanda Brakli futbol klubuna da stadionu təqdim etdiyi üçün minnətdarıq. Əlbəttə, oyunlarda iştirak edən hər kəs tərifə layiqdir”.

Rauf Hacıyev

Şərh əlavə et