Xəbəri Kokpitdə Oxuyun!

Antonelli Alpine-ə gedir?

Mercedes-in 2026-cı il mövsümü üçün sürücü heyətində ciddi dəyişiklik edə biləcəyi artıq bir müddətdir müzakirə olunur. İndi isə bu ssenarilərə daha bir maraqlı ehtimal əlavə olunub.

İtaliyanın nüfuzlu idman qəzeti La Gazzetta dello Sport yazır ki, gənc italiyalı pilot Andrea Kimi Antonellinin Alpine komandasına müvəqqəti icarəyə verilməsi gündəmdədir.

Bu addımla Red Bull-un dördqat dünya çempionu Maks Ferstappenin Mercedes-ə keçidini asanlaşdırmaq istəyirlər.

Son günlərdə Formula 1 Dünyasında ən çox danışılan məsələlərdən biri Ferstappenin Red Bull-dan ayrılaraq Mercedes-ə keçib-keçməyəcəyidir. Lakin bu ssenaridə kimin Mercedes-i tərk edəcəyi məlum deyil.

Keçmiş dünya çempionu Censon Batton da bu məsələyə münasibət bildirmiş, Mercedes-in niyə Corc Rassell əvəzinə gənc pilot Kimi Antonellidən imtina etmədiyini sorğulamışdı. Belə bir fonda, Mercedes-in fərqli bir plan üzərində işlədiyi iddia olunur.

La Gazzetta dello Sport-un məlumatına görə, Mercedes Antonellini 2026-cı il mövsümü üçün Renault-nun zavod komandası olan Alpine-ə icarəyə göndərmək niyyətindədir. Bu yolla həm gənc pilot təcrübə toplayacaq, həm də Mercedes əsas komandada Ferstappenlə Rasselli bir araya gətirmək imkanı qazanacaq.

Xəbərdə o da qeyd olunur ki, 2026-cı ildən etibarən Mercedes Alpine komandasını mühərriklə təmin edəcək. Bu baxımdan Antonellinin Alpine-ə keçidi onun Mercedes-dəki statusuna təsir etməyəcək və bir neçə il sonra əsas komandaya geri dönə biləcəyi ehtimal edilir.

Digər tərəfdən, Mercedes-in Corc Rassellə bir illik yeni müqavilə təklif etdiyi, lakin britaniyalı pilotun bu təklifi yetərli hesab etmədiyi bildirilir. Hazırda tərəflər arasında danışıqlar davam edir və yay fasiləsinə qədər razılıq əldə olunması məqsəd qoyulub.

Rauf Hacıyev

Şərh əlavə et