Kokpit.az xatırladır ki, Adil yarışa ikinci yerdən başlasa da, yaxşı startla liderliyi ələ alıb və sona qədər bu üstünlüyünü qoruyub. Xüsusən də yarışın son dövrələrində o, Fərid Quliyevlə birinci yer uğrunda mübarizə aparsa da, möhtəşəm formada müdafiə olunub və ardıcıl ikinci dəfə Əfsanələrin Yarışını qazanıb.
Adil Axundov: “Hazırda hisslərimi heç cürə cilovlayıb danışa bilmirəm, çünki bu yarış mənim üçün çox vacib idi. Bunun səbəbi keçən yarış qalib gəldiyim zaman bu avtomobillə yeni tanış olurdum. İndi isə mən anlayıram ki, dairəvi yarışlar mənim içimdəki avtoidman sevgisini üzə çıxardı. Mən bunu indiyə kimi dərk etməmişdim. Mən həmişə drift və kartinqlə maraqlanırdım. İndi isə təcrübə gəldikcə anlayıram ki, dairəvi yarışlarla məşğul olmaq üçün təcrübəm var”.
Adil yarış ərzində Fərid Quliyevlə olan mübarizəsi barədə belə danışıb: “Fəridlə bizim 2014-cü ildən rəqabətimiz və bir-birimizə simpatiyamız var. Ya o birinci olurdu ya da mən. Bizim dostluğumuz var, amma yarışarkən biz rəqibik. Keçən yarışda da o, pouldan, mən ikinci yerdən başlamışdıq. Yenə də eyni ssenari təkrarlandı. Burada o qədər həyəcanlı idim ki, damalı bayrağı görmədim. Bilmədim nə edim. Çox qarışıq hisslərdir”.
Adil son 15 gün içində həm səhər, həm də gecə yarışlarında qalib gəlib. O, bu barədə belə danışıb: “Növbəti hədəfim Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi bütün yarışlarda iştirak edib, hamısını qazanmaqdır”.
Şərh əlavə et