Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler Byanki ilə xatirələrindən danışıb

Bu gün Formula 1 dünyasını sarsıdan bir faciədən – Jül Bian­kinin vəfatından 10 il ötür. Ferrari pilotu Şarl Lekler uşaqlıqdan Jül ilə dost olub və onunla bağlı xatirələrini bölüşüb.

Kokpit.az xatırladır ki, fransalı sürücü 2014-cü ilin Yaponiya Qran Prisindən təxliyə maşınına çırpılmış, nəticədə aldığı kəllə-beyin travmalarına görə 2015-ci ilin 17 iyulunda Nitsa xəstəxanasında vəfat etmişdi

Şarl Lekler: “Jüllə bağlı çoxlu xatirələrim var. Məsələn, ilk dəfə qorxu filmi izlədiyim gün yadımda qalıb. Onu Jüllə birlikdə izləmişdim. Əslində o, bu filmi böyük qardaşımla birlikdə izləməyi planlaşdırmışdı və mənim yatdığıma əmin olmaq istəyirdi. Mən isə sadəcə yalandan gözlərimi yumub, kinoya gizlincə baxırdım!

Jül çox mehriban insan idi. Onunla çoxlu əyləncəli anlar yaşamaq olurdu, amma onu yaxından tanımalı idin. Hər zaman kömək etməyə çalışardı, bizimlə vaxt keçirməkdən zövq alardı.

Onu ilk dəfə 6-7 yaşımda tanımışdım. Həmin vaxt ilk dəfə icarəyə götürdüyüm kartla sürməyə icazə almışdım. Əslində bu kartlar yalnız böyüklər üçündür, amma Jülün atası kartinq trasını idarə etdiyinə görə bizə bəzi ‘qadağan olunmuş’ şeylərə icazə verirdi.

Mən o vaxtlar Jülə valeh idim. Onunla, qardaşımla, onun kiçik qardaşıyla və digər peşəkar kartinqçilərlə birgə yarışmaq inanılmaz hiss idi. Həqiqətən çox əylənirdik.

Axşamlar bir yerdə yığışardıq, kartinq trasının bağlanmasını gözləyərdik ki, çıxıb sürək. Tras bağlandıqdan sonra saatlarla çılğınlıq edərdik. Bu, yaddaşımdan silinməyən, ən gözəl günlərdəndir”.

 

Rauf Hacıyev

Şərh əlavə et