Xəbəri Kokpitdə Oxuyun!

Loudon Biankinin qəzasından danışıb

Bu gün Jul Biankinin vəfatından düz 10 il ötür.

Kokpit.az xatırladır ki, fransalı sürücü 2014-cü ilin Yaponiya Qran Prisindən təxliyə maşınına çırpılmış, nəticədə aldığı kəllə-beyin travmalarına görə 2015-ci ilin 17 iyulunda Nitsa xəstəxanasında vəfat etmişdi. Marussia komandasının keçmiş idman direktoru Qrin Loudon o faciəvi günləri xatırlayıb.

Qrim Loudon: “2014 və 2015-ci illər mənim üçün ən çətin dövrlər oldu. Avtoidmanın ən pis tərəfi budur ki, zirvə həmişə gözəl olur, amma enişlər ümidsiz dərəcədə pis olur. Bu yarışda uduzduğunuza görə yox, insanların pis nəticəyə görə sarsılmasından baş verir. Söhbət təkcə pilotlardan getmir – komandada yarışdan yarışa səninlə birlikdə gedən onlarla insan var. Kimsə pis nəticələrə görə sarsılanda bu, dəhşətli olur”.

O, Suzukadakı yarışı belə xatırlayıb: “O gün hava çox pis idi. Jul qəza etdi və dərhal bildim ki, vəziyyət yaxşı deyil. Amma ilkin mərhələdə heç bir məlumat yox idi. O, maşının içində oturmuşdu və səssiz idi. Biz isə özümüzü radioda problem olduğuna inandırmağa çalışırdıq”.

Qrim Loudonun sözlərinə görə, insident baş verən kimi komanda körpüsündən yerə düşüb tibbi mərkəzə tərəf qaçıb, lakin ora daxil ola bilməyiblər: “Heç kim içəri buraxılmırdı. Julun xəstəxanaya aparıldığını görəndə vəziyyətin nə qədər ciddi olduğunu anladıq. Komandanın rəhbəri Con Butla birlikdə maşına oturub xəstəxanaya yollandıq”.

O bildirib ki, Berni Ekklstoun Biankinin ailəsi üçün dərhal təyyarə təşkil edib: “Fransadan Yaponiyaya gələn ailənin nə hiss etdiyini təsəvvür edə bilmirəm. Uzun və ağır yol idi. Onlar xəstəxanaya çatanda bizdən halımızı soruşdular. Bu, çox şeyi öyrədən  hadisə oldu”.

Qrim Loudon emosional danışıb: “Həmin an mühəndis deyil, həkim olmaq istəyirdim. Çünki heç nə edə bilmirdim. Özümü tamamilə gücsüz hiss edirdim. Onu xilas etmək istəyirdim. Bu düşüncədə məntiq axtarmayın – bu sadəcə emosiyadır”.

O deyib ki, həmin günlərdə xəstəxanadan çıxmayıblar: “Xəstəxanada yer tapıb, döşəmədə yatırdıq. Günlərlə orada qaldıq. Nəhayət bir neçə gün sonra küçəyə çıxanda, hələ də yarış formam üstümdə idi. Günəşi görəndə hər şeyin nə qədər ağır olduğunu anladım”.

Bu sözlər Biankinin həm komanda, həm də Formula 1 ailəsi üçün nə qədər dəyərli bir şəxs olduğunu bir daha göstərir. O, həm istedadı, həm də xarakteri ilə azarkeşlərin və paddokun yaddaşında qalmağı bacarıb.

Rauf Hacıyev

Şərh əlavə et