Artıq 26-cı mövsümdür ki, Formula 1-də təhlükəsizlik avtomobilini idarə edən almaniyalı Bernd Maylander karyerası, sevdiyi traslar və Mixael Şumaxeri maşınına necə mindirdiyi barədə danışıb.
Kartinqdən GT seriyasına qədər
Bernd Maylander deyir ki, uşaq vaxtı yarışlarda iştirak etməyib: “Kartinqi atamla birlikdə ailəvi hobbiyə çevirmişdik. Yarışçı olmaq fikrim yox idi. Amma bu idmanı çox sevirdim, maşını necə sazlamağı, qaydaları öyrənirdim”.
Sonra ona Formula Ford 1600-də şans verilib və bir ildən sonra GT maşınlarına keçib. 1994-cü ildə Porsche Carrera Cup Germany turnirinin qalibi olub, bir neçə il də DTM-də yarışıb.
FIA ilə yol ayrıcında – təhlükəsizlik maşınına keçid
1990-cı illərin sonlarında FIA-nın yarış direktoru Çarli Vaytinq ona təhlükəsizlik avtomobilini sürməyi təklif edir: “O vaxt bu vəzifədə iki sürücü var idi. Mən bu işə tez uyğunlaşdım. Yarışı qazanmasan da, həmişə birinci gedirsən!”
Bernd trasda olarkən yarışı idarəetmə mərkəzinə canlı məlumat verir, su toplanması və təhlükəli yerlər barədə ilk siqnalları onlara ötürür: “Televizorda sadəcə yağış görünür, amma mən maşının akvaplaninq etdiyini dərhal hiss edirəm”.
Pilotlar niyə şikayət edir?
Bəzən pilotlar onun çox yavaş sürdüyünü deyir: “Buna səbəb olur. Bəzən onları bir yerə toplamalıyam, bəzən də onlar bilmirlər ki, trasda harada marşallar işləyir”.
Simulyator yoxdur – trasları əzbər tanıyır
“Simulyatorumuz yoxdur. Klassik trasları onsuz da tanıyıram. Yeni traslara gedəndə əvvəlcə xəritəyə baxıram, sonra cümə axşamı səhər sistem testləri zamanı çoxlu dövrə vururam”.
Sevimli traslar və Mixael Şumaxerlə unudulmaz xatirə
Mayländerin ən sevdiyi traslar: Suzuka, San-Paulu, Monako və Silverstoun.
Ən unudulmaz anlardan biri – 2000-ci ildə Almaniya Qran Prisində baş verib: “Mixael Şumaxerin Ferrari-si ilk döngədə sıradan çıxdı. O, maşından düşdü, amma paddoka qayıtmaq istəmədi. Mənim köməkçim maşından düşəndə – o zaman bu qaydalar hələ yox idi – mən Şumaxeri maşınıma mindirdim. Bir neçə həftədən sonra o, Dünya Çempionu oldu”.
Şərh əlavə et