Xəbəri Kokpitdə Oxuyun!

Bottas Mercedes-lə testlər edib

Keçən həftəsonu Valtteri Bottas Qudvud Sürət Festivalında yenidən Mercedes bolidi ilə trasda çıxış edib. Bu həftə isə finlandiyalı sürücü Formula 1 maşını ilə yürüşlərini İspaniyanın Xeres trasında davam etdirib.

Mercedes komandası bazar ertəsi və çərşənbə axşamı TPC (Testing of a Previous Car – əvvəlki illərə aid maşınların test proqramı) çərçivəsində özəl testlər təşkil edib. Bottas bu testlərin ilk günündə 113 dövrə vurduğunu sosial şəbəkələrində paylaşıb.

Bu yürüşlər onun Formula 1-ə dönüş planının tərkib hissəsi ola bilər. Paddokda gəzən şayiələrə görə Valtteri Bottas artıq bu mövsüm Alpine komandası ilə yarışlara qayıda bilər. Bildirilir ki, komandanın rəhbəri Flavio Briatore hazırda gözləntiləri doğrultmayan Franko Kolapintonu əvəzləmək üçün Bottas variantını ciddi şəkildə nəzərdən keçirir.

Xatırladaq ki, Valtteri Bottas 2013-2024-cü ildə Formula 1-də çıxış edib. O, Williams, Mercedes və Alfa Romeo, Kick Sauber komandalarının şərəfini qoruyub. Finlandlyalı sürücü yarışdığı 12 mövsümdə 10 qələbə qazanıb.

Lakin 35 yaşlı pilot keçən ilin sonunda Kick Sauber-dən ayrıldıqdan sonra özünə komanda tapa bilməyib və hazırda Mercedes-də test pilot kimi fəaliyyət göstərir.

Rauf Hacıyev

Şərh əlavə et