Xəbəri Kokpitdə Oxuyun!

Prostun favoriti Piastridir

Formula 1 üzrə dördqat Dünya Çempionu Alen Prost hazırda çempionat lideri olan Oscar Piastri ilə bağlı maraqlı açıqlamalar verib. Əfsanəvi sürücü bildirib ki, o, Piastrinin karyerasının erkən dövründə mühüm rol oynayıb və onu 2025-ci il mövsümündə çempionluq uğrunda mübarizədə dəstəkləyir.

Kokpit.az bildirir ki, fransalı sürücüsü Qudvud Sürət Festivalına qatılıb.  O, Karun Çandokla olan müsahibısində bildirib ki, Oskar Piastrini Alpine Akademiyasına cəlb etməsi üçün Renault rəhbərliyini dilə tutub:  “Oskarı akademiyaya gətirmələri üçün Renault-ya təzyiq göstərən mən olmuşam. Əslində onu istəmirdilər. Amma mən Formula 3-də, hətta Formula 4-də belə onun sürətini gördüm və potensialını anladım. Formula 2-də isə artıq hamının diqqətini cəlb edirdi”.

2020-ci ildə Alpine Akademiyasına qoşulan Piastri iki il burada qaldıqdan sonra, 2023-cü il mövsümündən əvvəl Alpine ilə müqavilə qalmaqalı yaşamış və McLaren-ə keçmişdi.

Hazırda 70 yaşında olan Alen Prost gənc sürücüdə özündən bir parça gördüyünü deyir: “Oskarın sürüş tərzini sevirəm. O, bir az mənə bənzəyir – nə zaman və necə hücum etməli olduğunu bilən, ağıllı qərarlar verən bir pilottur. Mən bu tip pilotları bəyənirəm. Düzdür, gələcəkdə nə baş verəcəyini heç vaxt bilmirsən, amma bu xarakterdə olan sürücülər adətən sabit şəkildə inkişaf edirlər”.

Mövsümün 12 yarışı geridə qalıb və McLaren-də komandadaxili rəqabət də qızışır. Xüsusilə Kanada Qran Prisində Lando Norris və Oscar Piastri arasında yaşanan toqquşma, komandanın daxili dinamikasını gündəmə gətirmişdi. Amma McLaren-in rəjbəri Zek Braun bildirib ki, pilotlara sərbəst rəqabət şansı verəcəklər: “Qaydalar dəyişmir: sərt, amma təmiz yarışın. Komandaya maksimum xal qazandırın. Qalibi trasda müəyyən edin.

Pilotlarımızın münasibəti əladır. Komanda daxilindəki ahəngi qurmaq üçün çox çalışmışıq və bu proses pilotlarla başlayır. Kanadadakı insidentə necə nəzarət etdiklərini gördünüz. Məncə, bu mübarizəni mövsümün sonuna qədər daşıya biləcəklər.

Ən yaxşı olan qazansın. Biri qalib gələndə, digəri onu təbrik edir. İkisi də qalib gəlmək istəyir, bu aydındır. Amma xarakterlərinə və yarış tərzlərinə baxdıqda, yaxşı komanda yoldaşı olaraq qalmaq üçün heç bir maneə yoxdur”.

Rauf Hacıyev

Şərh əlavə et