Xəbəri Kokpitdə Oxuyun!

Stüartın oğulları F1 bolidi sürüblər

Qudvud Sürət Festivalında bu il unudulmaz anlardan biri yaşanıb – Formula 1-in üçqat Dünya Çempionu Ceki Stüartın oğulları atasının vaxtilə qalib gəldiyi bolidlərin sükanı arxasına keçiblər.

Pol Stüart atasının 1971-ci ildə Almaniya Qran Prisində qələbə qazandığı Tyrrell 003, Mark Stüart isə Cekinin 1973-cü ildə sonuncu titulunu əldə etdiyi Tyrrell 006 bolidini idarə edib.

Mark Stüart deyib ki, onlar tədbirdə Alen Prost və Naycel Mənsell kimi dünya çempionları ilə birlikdə olublar və bu, onlar üçün böyük xoşbəxtlikdir: “Prost bizə deyib ki, atamızın istedadına həmişə heyran olub. Mən bunu əvvəllər də bilirdim, çünki 1992-ci ildə İsveçrədə onunla qolf oynayanda mənə demişdi: ‘Sənin atan mənim qəhrəmanım olub, onun nailiyyətləri məni daim ruhlandırıb.’”

Mark əlavə edib ki, Prost 1987-ci ilin Portuqaliya Qran Prisində Cekinin 27 qələbəlik rekordunu keçəndə ona Goodyear firmasının kepkasını hədiyyə edib və o bu kepkanı bu günə qədər qoruyub saxlayıb.

Pol Stüart da tədbirdəki ab-havadan razı qaldığını bildirib: “Buradakı çempionların atamı nə qədər böyük hörmətlə xatırladıqlarını görmək çox xoşdur. Bu insanlar bir-birilərinə dərin ehtiram bəsləyirlər. Ən gözəli isə budur ki, Berni Eklstoun da buradadır və ona da eyni hörmət göstərilir. Burada artıq biznes yox, saf xatirələr danışılır”.

O vurğulayıb ki, Qudvud Festivalının gözəlliyi də məhz bundadır. Burada insanlar avtomobil idmanının keçmişini birlikdə yad edirlər, və bu anlar həqiqətən də sehrli olur.

Rauf Hacıyev

Şərh əlavə et