Xəbəri Kokpitdə Oxuyun!

B.Ekklstoun: Horner uşaqlıq etdi

Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun Kristian Hornerin Red Bull-dan göndərilməsi ilə bağlı sükutunu pozub və sərt açıqlamalar verib.

Red Bull-un 20 illik komanda rəhbəri olan Horner bu həftənin əvvəlində vəzifəsindən uzaqlaşdırılıb. Qərar 18 ay əvvəl baş verən və Hornerin adı ilə bağlı olan seksual xarakterli mesaj qalmaqalı ilə əlaqələndirilir. Bu qalmaqal Red Bull daxilində bir sıra vacib ayrılıqlara da səbəb olub.

Berni Ekklstoun: “O 18 ay əvvəl qalmaqala qarışanda, açıq şəkildə axmaqlıq etdi. 50 yaşı vardı, amma özünü 20 yaşında biri kimi aparırdı. Komandadakı gənclərdən biri olduğunu zənn edirdi”.

Qeyd edək ki, Horner barəsində açılan cinsi və psixoloji təzyiq iddialarından iki dəfə rəsmi şəkildə bəraət alıb. Lakin mediaya sızan və qadın əməkdaşla arasında olduğu iddia edilən WhatsApp mesajları dünya miqyasında ciddi rezonans doğurub və Red Bull-un imicinə mənfi təsir edib.

Berni Ekklstoun bildirib ki, Red Bull-un Avstriyadakı rəhbərliyi, Hornerin Böyük Britaniyada yerləşən Milton Kins bazasında çox böyük güc toplamasından narahat olub: “Bəlkə də, “Christian, gəl oturaq, bu barədə danışaq” desəydilər, daha yaxşı olardı. Amma bəzi insanlar düşünürdü ki, onun həddindən artıq səlahiyyəti var. Elə bil Red Bull Rinq yox, Kristian Horner Rinq olmuşdu. Uğur olduğu müddətcə heç kim qarışmırdı, amma nəticələr zəifləyəndə hər kəs fərqli baxmağa başladı. Biri çıxıb deyir: ‘Mən bundan yaxşısını edə bilərəm.’”

Berni Ekklstoun əlavə edib ki, Red Bull-un qurucusu Ditrix Mateşitzin 2022-ci ildə vəfatından sonra şirkət daxilində ciddi güc savaşı başlamışdı: “Kristian rəhbər idi. Əgər mən bir şirkətin rəhbəri olsaydım, hər şeyə nəzarət etmək istərdim. Əgər səhv etsəm, məni çıxarardılar. Amma Kristian artıq bu vəzifədə deyilsə, istədiyini edə bilmirsə, bu, onun üçün asan deyil. Yarımçıq idarəetmə olmaz – hər şeyi bir nəfər nəzarətdə saxlamalıdır.

Bildiyimə görə ona, ‘Sən komanda rəhbəri olaraq qal, amma kommersiya məsələlərinə qarışma’ deyiblər. Amma o, ‘mən rəhbərəm’ deyirdi. Hər şeyi edə bilən menecer çox azdır. Uzun müddət insanlar onun işindən razı idi, amma çətinliklər başlayanda münasibətlər dəyişdi”.

Rauf Hacıyev

Şərh əlavə et