Xəbəri Kokpitdə Oxuyun!

Mekis ilə Hornerin əsas fərqləri nədir?

Kristian Hornerin Red Bull Racing-dəki vəzifəsini gözlənilmədən tərk etməsinin ardından rəhbərlik postuna Loren Mekisin gətirilməsi Formula 1 dünyasında ciddi müzakirələrə səbəb olub. Bu dəyişikliklə bağlı fikir bildirənlər arasında Red Bull-un keçmiş gənc pilotu və Formula E üzrə Dünya Çempionu Sebastyen Buemi də var.

Kokpit.az xatırladır ki, isveçrəli sürücü 2009-2011-ci illərdə Toro Rosso (indiki Racing Bulls) komandasında yarışıb. O, bu müddət ərzində hər iki mütəxəssislə də işləmək fürsəti əldə edib.

Sebastien Buemi: “Loren Toro Rosso-da mənim baş yarış mühəndisim olub, yəni onu kifayət qədər yaxşı tanıyıram. Yaxşı insandır və Red Bull ailəsinin uzun müddətdir ki, bir parçasıdır. FIA və Ferrari-də işlədikdən sonra Racing Bulls komandasına rəhbərlik etmək üçün geri qayıtdı. Ona görə Red Bull daxilində sistemin necə işlədiyini çox yaxşı bilir.

Mekis texniki məsələləri dərindən anlayan bir mühəndisdir. Kristian isə daha çox siyasi təsiri və əlaqələri ilə komandanın inkişafında böyük rol oynayırdı. Onun bu bacarığı Red Bull-u zirvəyə daşıyan əsas faktorlardan biri olub.

Red Bull-da hazırda nə qədər insanın çalışdığını dəqiq bilmirəm, amma təxminən 1500 nəfərdir. Loren bu qədər böyük heyəti idarə edə bilər, çünki Ferrari kimi böyük bir komandada işlədiyi üçün kifayət qədər təcrübəsi var”.

Buemi-nin sözləri göstərir ki, Loren Mekis Red Bull-un texniki liderliyi üçün uyğun namizəd olsa da, Hornerin komanda daxilindəki nüfuzu və siyasi gücünü əvəzləmək heç də asan olmayacaq.

Rauf Hacıyev

Şərh əlavə et