Komandada ilk gününü keçirən Mekis bildirib ki, Hornerin yoxluğuna hələ də inanmaq çətindir: “İlk fikrim Kristianla bağlıdır. Burada olub onu görməmək hələ də bir qədər real görünmür. Onun rəhbərliyi altında bu komandanın əldə etdiyi uğurları kiçiltmək mümkün deyil. Onunla 20 il əvvəl tanış olmuşam. O vaxt Formula 1-in ən gənc komanda rəhbəri idi və Red Bull-u bu səviyyəyə gətirən adam oldu. Qazandığı çempionluqlar, qələbələr… İki il əvvəl məni Red Bull ailəsinə qaytaran da məhz Kristian, Helmut və Oliver olmuşdu. Bu gün bütün fikirlərim onunladır”.
Fransalı mütəxəssis Red Bull-a keçidini “komanda dəyişikliyi” kimi deyil, Red Bull ailəsinin içində bir yerdəyişmə kimi xarakterizə edir. Loren Mekis Racing Bulls-dan Red Bull Racing-ə gəlməsini belə şərh edib: “Bura Red Bull ailəsidir və Oliver, Helmut və səhmdarlardan böyük dəstək var. Bu, sadəcə bir binadan digərinə keçmək deyil – eyni ailənin daxilində bir yerdəyişmədir. Red Bull bu planetin ən inanılmaz şirkətlərindən biridir. Burada Red Bull Racing-in istedadı ilə Red Bull-un enerjisi birləşir. Bu, enerji üzərinə enerji deməkdir”.
Loren Mekies Red Bull-un ən yaxşı insanların bir araya gəldiyi bir komanda olduğunu da bildirib: “Kənardan baxanda belə Red Bull-u həmişə işində ən yaxşı olan insanların komandası kimi görmüşəm. Keçmişdə rəqib olsaq belə, bu komandanın ən parlaq beyinləri bir araya topladığını bilirdik. Bu komandaya qoşulmaq mənim üçün böyük bir şərəfdir. Əsas məqsədimiz bu istedadlı insanların ehtiyac duyduğu bütün dəstəyi vermək olacaq. Çünki onlar artıq ən yaxşıdırlar”.
Fransalı həmçinin yaxın gələcəkdə Formula 1-də tətbiq olunacaq ən böyük texniki qayda dəyişikliklərinə də toxunub: “Ən böyük çətinliklərdən biri bizi gözləyir: Formula 1 tarixindəki ən böyük texniki dəyişikliklər gəlir. Red Bull üçün bu daha da xüsusi olacaq, çünki artıq öz güc qurğumuzla yarışacağıq. Bu, qeyri-adi bir meydanoxuma olacaq”.
Sonda Mekis komandadakı ilk hədəfini açıqlayıb: “Hazırda qarşımdakı yeganə addım komanda üzvləri ilə tanış olmaqdır. Hələ bir gün belə keçməyib, amma bu möhtəşəm komandanın hər bir üzvü ilə tanış olmaq üçün səbirsizlənirəm. Bu sehrin arxasında kimlərin dayandığını bilmək istəyirəm. Qarşıdakı həftələrdə mümkün qədər çox insanı dinləyib, bu strukturu daha yaxşı anlamağa və bacardığım qədər töhfə verməyə hazıram.”
Şərh əlavə et