Xəbəri Kokpitdə Oxuyun!

H.Marko sükutunu pozub

Red Bull Racing komandasının uzun müddət rəhbəri olmuş Kristian Hornerin vəzifədən uzaqlaşdırılmasından sonra şirkətin idman məsləhətçisi Helmut Marko ilk dəfə ictimaiyyətə açıqlama verib.

9 iyul Çərşənbə günü gözlənilməz qərarla vəzifəsindən uzaqlaşdırılan Hornerin yerinə Racing Bulls komandasının rəhbəri Loren Mekis təyin olunub. Bu dəyişiklik Red Bull daxilində ciddi struktur dəyişikliyi kimi dəyərləndirilir.

Bəzən Kristian Horner ilə fikir ayrılığı yaşayan Helmut Marko bu barədə yazılı açıqlama verərək, səssizliyini pozub: “Kristian ilə 20 ildən artıqdır ki, həm Formula 1-də, həm də Formula 3000-də çox uğurlu əməkdaşlıq etmişik. Bu müddət ərzində çoxlu möhtəşəm uğurları birlikdə qeyd etdik.

İki dünya çempionu pilotun inkişafında rol oynadıq və çoxsaylı Qran Pri qələbələri qazandıq. Bu, hər zaman Red Bull-un üslubu olub və elə də qalacaq.

Hazırkı vəziyyətə gəldikdə isə – hələ qarşıda 12 yarış var və riyazi cəhətdən mümkün olduğu müddətcə Sürücülər Çempionluğu uğrunda mübarizəmizi davam etdirəcəyik”.

Helmut Marko açıqlamasında Kristian Hornerə təşəkkürünü xüsusi olaraq vurğulayıb və komandanın keçmiş uğurlarında onun mühüm rol oynadığını qeyd edib.

Rauf Hacıyev

Şərh əlavə et