Kokpit.az bildirir ki, Red Bull-un Milton Kinsdə yerləşən bazasında keçirilən daxili görüşdə Horner komanda əməkdaşlarına qərarı şəxsən çatdırıb.
Sky Sports kanalının yayımladığı məlumata görə Hornerin çıxışının bir hissəsi komanda üzvlərindən biri tərəfindən qeydə alınıb. Horner çıxışında bunları deyib: “Dünən Red Bull mənə bildirdi ki, bu görüşdən sonra artıq şirkətin əməliyyat fəaliyyətlərində və komandanın idarə olunmasında iştirak etməyəcəyəm. Hüquqi olaraq şirkətin əməkdaşı olaraq qalacağam, lakin bütün idarəetmə səlahiyyətləri başqa şəxsə ötürüləcək.
Bu, mənim üçün olduqca gözlənilməz və çətin bir qərardır. Son 12 saat ərzində bu xəbəri düşünməklə məşğul idim və qərara gəldim ki, bu barədə sizə şəxsən məlumat verməliyəm.
Sadəcə hər birinizə – bu 20 il ərzində göstərdiyiniz əzm, fədakarlıq və dəstəyə görə təşəkkür etmək istəyirəm. Buraya ilk dəfə gəldiyimdə saçlarım daha tünd idi. Komandaya qoşulduğumda nələrin qarşıma çıxacağını bilmirdim, amma dərhal isti münasibət gördüm.
Biz iki köhnə binadan başladıq və zamanla Formula 1-in ən güclü komandalarından birini yaratdıq. Bu komandanın formalaşmasında iştirak etmək və ona rəhbərlik etmək, mənim həyatımın ən böyük şərəfi oldu”.
Horner bu sözləri deyərkən emosional anlar yaşanıb və çıxışı zamanı səsinin titrədiyi, görüş zalında isə sükut yarandığı qeyd olunur. Daha sonra oradakı əməkdaşlar onu alqışlarla yola salıblar.
Kristian Hornerin vəzifədən ayrılması Red Bull komandasında yeni bir dövrün başlanğıcı kimi dəyərləndirilir. Onun yerinə Racing Bulls komandasının rəhbəri Loren Mekis təyin olunub.
Şərh əlavə et