Əfsanələrin mübarizə apardığı US Legend Cars yarışı Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Caspian Event Organisers və Bakı Şəhər Halqasının həmtəşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında keçiriləcək. Əvvəlki tədbirlərdə biz Legend Cars yarışlarından əlavə drift şou və avtomobil sərgiləri görürdük, amma bu dəfə yenilik var – kartinq yarışları. Tədbir iyulun 19-da Bakı vaxtı ilə 18:00-da başlayacaq. Bu isə o deməkdir ki, bizi gecə yarışı gözləyir. Yəni ki, yarış suni formada işıqlandırılmış trasda baş tutacaq. Eynilə Formula 1 üzrə Sinqapur, Bəhreyn, Mayami və Əbu Dabi Qran Priləri kimi. Bu isə sürücülər üçün əlavə meydanoxuma, azarkeşlər üçün möhtəşəm və həyəcanlı şou olacaq.
Biletlər isə İticket.az saytına daxil olaraq ala bilərsiniz. Gecənin Əfsanələri bizə möhtəşəm bir gün bəxş edəcəklər!
Legend Car yarışları Azərbaycanda iki dəfə təşkil olundu – iki fərqli qalibimiz var
Qeyd edək ki, daha əvvəl Legend Car-ların yarışı Azərbaycanda iki dəfə baş tutub. İlk yarış 2024-cü ilin 25 mayında keçirilib. Həmin yarışı Elçin Həsənov qazanıb. Murad Həsənov ikinci, Gülhüseyn Abdullayev üçüncü olublar.
İkinci yarış isə 2025-ci ilin 5 iyulunda təşkil edilib. Gərgin mübarizə şəraitində keçən yarışı Adil Axundov qazanıb. Murad Həsənov bu dəfə də ikinci yeri tutub. Fərid Quliyev isə üçüncü yerə razı olub.
Legend Car nədir?
Bu seriya ilk dəfə 1992-ci ildə təşkil edilib. Legend Car maşınları klassik avtomobillərin miniatür formasıdır və Yamaha-nın motosiklet motorları ilə təchiz olunublar. Maşınlar mexaniki ötürmələr qutusu ilə işləyirlər. Ümumilikdə isə bu maşınların texniki göstəriciləri bir-birlərinə çox yaxındırlar. Yəni ki, bu yarışın taleyini sürücünün istedadı həll edir.
Legend Car-ın təməli 1992-ci ildə ABŞ-da qoyulub. Bu seriya ABŞ-dan sonra Dünyanın müxtəlif yerlərinə – Böyük Britaniyada, Şimali Avropada, Qərbi Avropada, Avstraliyada, Gürcüstanda, Meksikada və nəhayət keçən il ilk dəfə Azərbaycanda təşkil edilib. Bu, azarkeşlərin marağına səbəb olub.
Maşınların texniki parametrləri
Maşınların təkər bazası 1854 millimetr, ümumi genişliyi 1524 millimetr, ümumi uzunluq 3200 millimetr, boyu 1168 millimetrdir. Motorların həcmi 1200 və ya 1250 cc olur. Maşının çəkisi sürücü ilə birlikdə 590 kiloqramdır və 140 at gücü qüvvəsindədir. Maşının maksimum sürəti isə 200 kilometr/saatdır.
Şərh əlavə et