Xəbəri Kokpitdə Oxuyun!

Sulayem çinli komanda istəyir

2026-cı ildə Cadillac-ın Formula 1 peletonuna qatılması ilə 11-ci komanda rəsmiləşib. FIA prezidenti Mohammed Ben Sulayem növbəti – 12-ci komandanın da peletona əlavə olunması ehtimalına işarə edib. O, xüsusilə Çin mənşəli bir komandanın idman üçün böyük fayda verəcəyini vurğulayıb.

2026-cı ildən etibarən Formula 1-də 11 komandanın iştirak edəcəyi artıq dəqiqləşib. Bu, 2015-ci ildən sonra ilk dəfə peletondakı komanda sayının artması deməkdir. Cadillac uzun çəkən müraciət prosesi nəticəsində bu hüququ əldə edib.

FIA-nın Prezidenti Mohammed Ben Sulayem isə növbəti komanda üçün qapıların açıq olduğunu bildirib: “Hələ də yarış sayından çox komandaya ehtiyacımız olduğunu düşünürəm. Pilotlar isə gəlib deyirlər ki, “Zəhmət olmasa, yarışlar artmasın”. Amma bu balansı qorumaq üçün daha çox komanda önəmlidir”.

Sulayem Çin kimi böyük bazardan gələcək bir komandanın Formula 1-ə həm idman, həm də kommersiya baxımından ciddi töhfə verə biləcəyini bildirib:

“Əgər Çin mənşəli bir komanda gəlmək istəsə və FOM bunu təsdiqləsə – ki mən onların bunu qəbul edəcəyinə əminəm – bu, idmana daha çox gəlir qazandırmaz? Əlbəttə, qazandırar. Amma sırf say artsın deyə 12-ci komandaya icazə verməyəcəyik. Doğru komanda olmalıdır”.

FIA-nın prezidenti eyni zamanda qeyd edib ki, iki il əvvəlki ilk müraciət prosesindən sonra giriş meyarları daha da sərtləşdirilib və gələcəkdə bu cür proseslər daha hərtərəfli şəkildə aparılacaq. Hal-hazırda yeni müraciət mərhələsinin nə vaxt elan olunacağı isə bəlli deyil: “Digər komandaları narahat etmək niyyətində deyilik. Amma bu iş sırf “bir komanda da olsun” deyə aparılmamalıdır. Yalnız dəyər qatacaqsa, bu baş verəcək”.

Rauf Hacıyev

Şərh əlavə et