Silverstoundakı Britaniya Qran Prisindən xal ala bilmədən ayrılan monakolu sürücü bildirib ki, Ferrari bolidin çatışmazlıqlarını aradan qaldırmaq üçün intensiv formada işləyir.
Şarl Lekler qarşıdakı yarışlarda tətbiq ediləcək yeniliklərin mühüm fərq yaradacağına inanır: “Təəssüf ki, temp problemi yaşayırıq. Komanda bolidin bəzi zəif tərəflərini düzəltmək üçün yeniliklər hazırlayır. Ümid edirəm ki, bu yeniliklər bəzi döngələrdən daha yaxşı keçməyimizə imkan verəcək. Detallara girmək istəmirəm, amma bolidin bir neçə zəif nöqtəsi var. Onları müəyyən etmişik və mümkün qədər tez aradan qaldırmağa çalışacağıq”.
Britaniya Qran Prisinə gəldikdə isə, Ferrari pilotu yarışdan əvvəlki qızdırma dövrəsində yaş hissəyə görə keçid təkərləri ilə start almış, daha sonra pit-stopa girərək quru hava təkərlərinə keçmişdi. Lakin bu strategiya istənilən nəticəni verməmiş və Lekler yarışı 14-cü yerdə başa vurmuşdu.
Şarl Lekler: “Əlbəttə, bu qərar bizə kömək etmədi, amma bu olmasaydı belə, yarış boyunca yaxşı deyildim.
Hər dövrədə bir saniyə itirirdim və çoxlu səhvlər etdim. Hətta bolidi trasda saxlamaq belə çətin idi. Bu, həqiqətən inanılmaz dərəcədə çətin bir gün oldu”.
Lekler nəticə ilə bağlı ümumi təhlilə ehtiyac olduğunu da vurğulayıb: “Hər şeyi təhlil etməliyik. Sazlanmalar və ya sürüş tərzi baxımından nələri fərqli edə bilərik, başa düşməliyik ki, bu cür zəif həftəsonlarını bir daha yaşamayaq. Amma bu yarış doğrudan da həddindən artıq çətin idi”.
Şərh əlavə et