Kokpit.az xatırladlr ki, monakolu pilot Britaniya Qran Prisindəki uğursuz sıralanma tury nəticəsindən sonra SF-25 bolidində “izaholunmaz” bir problemin olduğunu bildirmişdi.
Britaniya mətbuatının məlumatına görə sözügedən problem sükanın hidravlik sistemindən qaynaqlanır.
Şarl Lekler yarışdan sonra verdiyi açıqlamada bu problemi belə ifadə edib: “Bu problem balans və ya asfaltla ilişmə ilə bağlı deyil. Detalları deyə bilmərəm, amma çox qəribə bir problemlə üz-üzəyik. Xüsusilə yüksək sürətli döngələrdə daha da çətinləşir. Ümid edirəm, həll edə bilərik”.
Problemin daha çox Silverstoun kimi yüksək sürətli döngələrə malik traslarda hiss olunduğu, Monako və Kanada kimi yavaş və əyləcləmənin bol olduğu traslarda isə nəzərəçarpacaq dərəcədə zəiflədiyi qeyd olunur.
Ferrari-nin mühəndis komandası problemin təfərrüatlarını açıqlamasa da, komanda rəhbəri Frederik Vasyör də məsələni təsdiqləyərək bildirib:
“Bəli, bu problemi aradan qaldıra bilərik, lakin bu mərhələdə bizim üçün çətin məsələdir”.
Məlumata görə, Ferrari-nin elektrikli sükan sistemi yüksək sürətli döngələrdə və intensiv G qüvvəsi altında təbii reaksiya verməkdə çətinlik çəkir. Geri bildirimin zəifləməsi isə pilotun etimadını azaldır və dövrəvi vaxtlarına mənfi təsir altına salır.
Bu cür sükan problemləri daha əvvəl digər komandaların da gündəmində olub. 2021-ci ildə Sebastyan Fettel Aston Martin-də oxşar “hissizlik” problemi ilə üzləşmişdi. Fernando Alonso da illər boyu sükan hissini öz sürüş tərzinə uyğunlaşdırmaq üçün əlavə işlər görmüşdü.
Şarl Lekler problemi tam izah etməsə də, ümidini itirmədiyini bildirib: “Bəzi xüsusi problemləri həll edəcək yeniliklər gəlir. Bu dəyişikliklərin bəzi traslarda faydalı olacağını düşünürəm. Çalışacağıq ki, həll edək”.
Ferrari-nin hədəfi — sükan sistemindəki bu problemi aradan qaldıraraq Şarl Lekler və Lyuis Hamilton üçün daha etibarlı və təbii sürüş hissi təmin etməkdir.
Şərh əlavə et