Xəbəri Kokpitdə Oxuyun!

V8 motorlar geri qayıdır?

FIA-nın prezidenti Mohammed Ben Sulayem Formula 1-dəki hazırkı hibrid mühərrik sistemlərinin çox mürəkkəm və bahalı olması səbəbilə V8 mühərriklərinə dönüş ehtimalını gündəmə gətirib. O bildirib ki, bu addım yarışların həm maliyyə, həm də texniki baxımdan daha əlçatan və azarkeşlər üçün daha cəlbedici olması üçün atıla bilər.

Silverstoundakı Britaniya Qran Prisində jurnalistlərin suallarına cavab verən Mohammed Ben Sulayem, “Bu, kommersiya baxımından da düzgün qərar olar” deyərək belə davam edib: “Tədqiqat və inkişaf xərcləri artıq 200 milyon dollara çatıb. Hər mühərrikin istehsal xərci isə 1.8–2.1 milyon dollar arasındadır. Halbuki əksər avtomobil istehsalçıları öz seriya avtomobillərində V8 mühərriklərindən istifadə edirlər. Bu səbəblə bu texnologiyaya qayıtmaq həm də kommersiya baxımdan əsaslıdır. Bizim üçün V8 motorlar hələ də realdır. Komandalar da bunun doğru yol olduğunu anladılar. FOM da bu ideyanı dəstəkləyir. Bu ideyanı tezliklə həyata keçirməliyik. Lazımi təkmilləşmə üçün 3 il lazımdır. Ümid edirəm ki, 2029-cu ildə hər şey ortaya çıxar”.

O əlavə edib ki, V8 mühərrikləri daha yüngül struktura malikdir, bu isə bolidlərin ümumi çəkisini azaltmağa kömək edə bilər və klassik motor səslərinin yenidən traslara qayıtması azarkeşlər üçün nostalji yaşadacaq.

Ben Sulayem deyib ki, əgər hər şey plan üzrə getsə, V8 mühərriklərinə keçid üçün lazım olan texniki işlər 3 il ərzində başa çata bilər, və bu halda 2029-cu ildən etibarən bu sistem istifadəyə verilə bilər.

Bu açıqlama, FIA prezident seçkiləri öncəsi seçim strategiyası kimi də qiymətləndirilir, lakin uzunmüddətli bir islahat planının ilk siqnalları kimi də qəbul olunur.

Ben Sulayem həmçinin peletona yeni komandanın əlavə olunması məsələsinə də toxunub. Xatırladaq ki, Cadillac brendinin idmana gəlməsi digər komandaların narahatlıqlarına səbəb olmuşdu:

“Bizim məqsədimiz komandaları narahat etmək deyil. Sadəcə say artsın deyə yeni komanda qəbul etmək istəmirik. Yeni gələn komanda həqiqətən də peletona dəyər qatacaqsa, onda bu qərar mənalı olar. O zaman 24 bolidlik peletonun da mənası olar”.

Bu açıqlamalar 2026-cı ildən qüvvəyə minəcək yeni hibrid dövrü öncəsi F1-in texniki gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. V8 mühərriklərinin geri dönüb-dönməyəcəyi bəlli olmasa da, Ben Sulayemin bu çıxışı həm texniki, həm də siyasi baxımdan ciddi rezonans doğura bilər.

Rauf Hacıyev

Şərh əlavə et