Yarışda finişə çatan 15 pilot arasında sonuncu olan yapon sürücü, rəqibi Oliver Berman ilə yaşadığı insidentdən sonra 10 saniyəlik vaxt cəzası alıb.
Yuki Tsunoda yarışdan sonra verdiyi açıqlamada cəzanı qəbul etdiyini, lakin bunun sərt olduğunu bildirib: “Görünür, cəzaya layiqəm. Amma 10 saniyə?.. Keçən il bu beş saniyə olardı. Bu dəfə belə düşündülər. Nə deyə bilərəm, olan oldu”.
İnsident 6-cı döngədə, Bermanın xarici trayektoriyadan hücum etdiyi an baş verib. Gənc britaniyalı sürücü öndə olsa da, Tsunoda döngədə bir qədər sürüşərək ona toxunub. Berman trasdan çıxaraq geri dönməli olub. Stüardlar Bermanın döngə üstün olduğunu, Tsunodanın isə insidentdə günahkar olduğunu qeyd edərək ona 10 saniyəlik cəza və 1 cəza xalı veriblər.
Lakin Yuki Tsunoda yarış tempindən də razı qalmayıb: “O 10 saniyəlik cəza elə bil iki gün çəkdi. Onsuz da bolidin zəif tempi məni əsəbləşdirirdi. Son yarışlarda stüardlar da mənə qarşı yumşaq davranmır”.
Statistikaya görə Tsunoda bu yarışda McLaren-lərlə müqayisədə hər dövrədə orta hesabla 3.27 saniyə daha yavaş olub. Bu, yarışdakı ən zəif temp idi. Komanda yoldaşı Ferstappen belə McLaren-lərlə müqayisədə 1.46 saniyə geridə qalıb.
Tsunoda xüsusilə keçid təkərlərinin aşırı yeyilməsi ilə çətinlik yaşadığını deyib:
“Çox ciddi təkər yeyilməsi baş verdi. Adətən yaş trasda yaxşı oluram, amma bu gün istər quru, istərsə də yaş tras olsun, fərq etmədi – təkərlər davamlı olaraq yeyilirdi”.
25 yaşlı pilotun ümidi Belçika Qran Prisində bolidinə əlavə ediləcək yeni aerodinamik paketədir. İndiyə qədər köhnə spesifikasiyalı bolidlə yarışan yapon pilot bildirib:
“İki addım geridəyəm. Bu, sıralama turlarında belə fərq yaradır. Yeni paket fayda verəcək. Amma sprint formatı olduğuna görə öyrəşməyə çox az vaxtım var”.
Red Bull-un komanda rəhbəri Kristian Horner isə Tsunodaya dəstək verib: “Düşünürəm ki, cəza olduqca ağır idi. Məncə, bu adi bir yarış insidenti idi. Yarış quru şəraitdə olsaydı, Yuki xal qazana bilərdi. Amma bu gün adi bir yarış deyildi”.
Şərh əlavə et