Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışa pouldan başlasa da, yağışlı havada tempi olmayıb. Əvvəlcə Oskar Piastri onu keçib. Daha sonra isə o, yerində fırlanaraq, doqquzuncu yerə qədər geriləyib. Buna baxmayaraq, dördqat Dünya Çempionu finiş xəttini beşinci yerdə keçə bilib.
Maks Ferstappen yarışdan sonra verdiyi açıqlamada, bolidi idarə etməyin olduqca çətin olduğunu və pis hava şəraitinin performanslarına ciddi mənfi təsir etdiyini deyib: “Əsla asan deyildi, tempimiz əvvəlcədən zəif idi. Bolidin arxa hissəsi çox oynayırdı, ön tərəf sürüşürdü… Bolid həqiqətən çox pis idi.
Sükanın dəstəyini bərk tutmalı idim, yoxsa vəziyyət bir neçə dəfə daha da pis ola bilərdi. Restart zamanı yaşadığım yerimdə fırlanma da bunun bir nümunəsidir. Daha sonra trafikin içində qaldım, amma onsuz da rəqiblərimdən sürətli deyildim. Problemin bir hissəsi qanad sazlanmalarından qaynaqlanırdı, amma ümumi olaraq az asfaltla ilişmə şəraitində çox zəif idik.
Asfaltla ilişmə demək olar ki, yox idi. Bolidin ön tərəfində ümumiyyətlə sabitlik yox idi. Heç nə düzgün işləmirdi. Hər şey ya var idi ya da yox idi. Bu da belə hava şəraitində istəmədiyimiz haldır. Dəhşət çətin yarış idi.
Bu havada yarışın çətin keçəcəyini gözləyirdim, lakin bu qədər çətin və pis olacağını düşünmürdüm. Amma edəcək bir şey yoxdur. Onsuz da çempionluq uğrunda mübarizə aparmırıq, ona görə də çox da vacib deyil”.
Maks Ferstappen təhlükəsizlik maşını arxasında Oskar Piastri ilə yaşadığı epizod barədə isə belə deyib: “Bu, daha əvvəl də başıma gəlib. Qarşımdakı sürücülər bunu edir. Yarışdan sonra onun 10 saniyə cəza aldığını eşitdim. Bu bir az çox oldu – 10 saniyə… Amma qaydaları mən qoymuram”.
Piastrinin hərəkətinin onun fırlanmasına səbəb olub-olmadığı sualına isə belə cavab verib: “Yox, bilmirəm. Qaz verdim və bolid sürüşdü. Onsuz da sürətim yox idi və qarşımdakılarla eyni tempdaydım. Əslində hava bir az düzələndə və hamı təkərlərini yeməyə başlayanda vəziyyət bir az yaxşılaşdı. Amma ümumilikdə balans baxımından çox geridə qaldıq”.
Maks Ferstappen sonda yarışın ən gözəl anı olaraq Niko Hülkenberqin podiumunu qeyd edib: “Bəli, möhtəşəm idi. Bugünkü ən gözəl şey bu idi. Onun adına çox sevinirəm. Onu podiumda görmək çox xoş oldu”.
Şərh əlavə et