Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns artıq bezib

Williams komandasının sürücüsü Karlos Sayns rəqibi Şarl Lekler ilə yaşadığı insidentdən sonra Britaniya Qran Prisində xal qazana bilməyib və ardıcıl baş verən uğursuzluqlardan artıq bezdiyini bildirib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Silverstoundakı yarışın sonlarında səkkizinci yer uğrunda Şarl Lekleri təqib edirdi. Lakin Ferrari pilotu quru hava təkərləri ilə Stouv döngəsində trasdan çıxıb və sabiq komanda yoldaşını da özü ilə birlikdə tras xaricinə çıxmağa məcbur edib.

Bu toqquşma nəticəsində Williams sürücüsü 12-ci yerə geriləyib. Saynsın ön qanadında və altlığında zədələr yaranıb və o, yarışın qalan hissəsində yerini bərpa edə bilməyib.

İspaniyalı pilot Lekleri açıq şəkildə günahlandırmasa da, özündən asılı olmayan səbəblərlə davamlı xal itirməyin artıq onu ciddi şəkildə bezdirdiyini etiraf edib.

Karlos Sayns müsahibəsinə istehzalı bir cümlə ilə başlayıb: “Hər şey əladır!

İl boyu olduğu kimi hər şeyi düzgün edirdim. Strategiya yaxşı idi, sürüşüm də yaxşı idi. Təxminən 7-ci və ya 8-ci yerdə idim.
Yarışın bitməsinə 10 dövrə qalmış Şarlla mübarizə aparırdım. O, nəzarəti itirdi və mənə çırpıldı. Hekayə bu qədərdir. Yarış mənim üçün orada bitdi.

Zədələnmiş maşınla 12-ci yerə düşdüm və belə də bitirdim. Yenə böyük bir bədbəxtlik.

Bu cür şeylərin ardıcıl və özümdən asılı olmayan insidentlərə görə baş verməsindən doğrudan da bezmişəm.

Həqiqətən çox əsəbverici haldır. Bu qədər şeyi öz nəzarətimin xaricində itirmək inanılmazdır.

Şarla bir iradım yoxdur. Bu cür hadisələr hər sürücünün başına gələ bilər. Amma bu qədər təmiz bir həftəsonuna yaxın olduğum bir vaxtda belə bir şeyin baş verməsi məni ruhdan saldı.

İndi isə növbəti yarış üçün iki həftə gözləməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et