Kokpit.az xatırladır ki, sərbəst yürüşlərdəki performansından sonra əksəriyyət Ferrari komandasınsan poul gözləyirdi. Lakin həlledici məqamda işlər “qırmızılar” üçün yaxşı getməyib. Yekunda Lyuis Həmilton yarışa beşinci, Şarl Lekler isə altıncı yerdən başlayacaq.
Ferrari komandasının sürücüsü Şarl Lekler sessiyadan sonra belə deyib: “Kifayət qədər yaxşı deyildim. Təəssüf ki, sıralanma turlarından sonra tez-tez ‘ola bilərdi, olmalı idi’ deyərək özümü izah etməyə çalışıram. Amma günün sonunda, əgər trasda lazım olanı etməsəm, döngələri düzgün şəkildə birləşdirə bilməsəm, birinci sırada olmaq əvəzinə altıncı oluram. Günahlandıra biləcəyim yeganə adam özüməm”.
Keçmişdə sıralanma turlarının onun ən güclü tərəfi olduğunu xatırladan Lekler, son vaxtlar bu sahədə geri qaldığını etiraf edib: “Sıralanma turu əvvəllər ən güclü tərəfim idi, indi isə bu sahədə nəsə çatışmır. Yarışlarda bir qədər özümü göstərməyə başlasam da, sıralanma hələ də zəif nöqtəmdir”.
Ferrari-nin yaşadığı bəzi texniki çətinliklərə baxmayaraq bunun bəhanə olmadığını deyən monakolu pilot yarışda təmiz hava tapmağın da çətin olacağına diqqət çəkib: “Hələ də aradan qaldırmalı olduğumuz bəzi problemlər var və biz onlarla mübarizə aparırıq, amma bu bəhanə deyil. Altıncı yerdən start alarkən təmiz hava tapmaq kifayət qədər çətin olacaq. Yenə də əlimdən gələnin ən yaxşısını edəcəyəm”.
Şərh əlavə et