Kokpit.az xatırladır ki, avstraliyalı sürücü yarışa lider apran vaxt yağışın güclənməsi ilə 14-cü dövrədə trasda təhlükəsizlik maşını rejimi başlanıb. Oskar təhlükəsizlik maşını arxasında ani və güclü şəkildə əyləc etdiyi üçün onun arxasında olan Maks Ferstappen az qala ona çırpılacaqdı. Nəticədə FIA tərəfindən Oskara 10 saniyəlik cəza verilib.
FIA-nın açıqlaması belə olub: “Yarış direktoru təhlükəsizlik maşınının bu dövrədə pitə qayıdacağını bildirdikdən və işıqlarını söndürdükdən sonra 81 nömrəli maşın (Piastri), 14 və 15-ci döngələr arasındakı düz yolda qəfil və sərt şəkildə əyləclədi. Sürətini 218 km/saatdan 52 km/saata saldı. Bu, 1 nömrəli maşının (Ferstappen) qəza riskindən qaçmaq üçün manevr etməsinə səbəb oldu.
Bu vəziyyət 1 nömrəli maşının qısa müddətlik 81 nömrəli maşını ötməsinə yol açdı. Amma dərhal mövqeyini qaytardı. FIA-nın 55.15-ci maddəsinə əsasən, təhlükəsizlik maşınının işıqları söndükdən sonra öndəki sürücü digər sürücüləri təhlükəyə atmadan sabit şəkildə irəliləməlidir. Piastrinin etdiyi bu maddənin açıq şəkildə pozulmasıdır. Bu səbəbdən 10 saniyəlik cəza verilmişdir.”
Yarışdan sonra məyusluğunu gizlətməyən Oskar Piastri açıqlamasında belə deyib: “Çox danışmaq istəmirəm, yoxsa başım bəlaya düşəcək. Sadəcə Nikonu təbrik etmək istəyirəm, düşünürəm ki, bu günün əsas hadisəsi onun podiuma yüksəlməsi idi.
Görünür ki, artıq təhlükəsizlik maşınının arxasında əyləc edə bilmirsən. Halbuki ondan əvvəlki beş dövrədə bunu etmişdim. Silverstounu hələ də sevirəm… Bu gün sevməsəm də”.
Şərh əlavə et