Xəbəri Kokpitdə Oxuyun!

N.Hülkenberq: Nə gözəl yarış idi!

Sauber komandasının sürücüsü Niko Hülkenberq Britaniya Qran Prisində 19-cu yerdən start alaraq möhtəşəm bir nəticəyə imza atıb və üçüncü olaraq podyuma yüksəlib.

Kokpit.az xatırladır ki, yağışlı hava şəraitində keçən 52 dövrəlik yarışda 16 rəqibini geridə qoyaraq finiş xəttini 3-cü yerdə keçən alman pilot, karyerasının ən yaddaqalan yarışlarından birini geridə buraxıb. Bununla da 38 yaşlı sürücü 239-cu yarışında Formula 1 karyerasının ilk podiumunu əldə edib.

Yarışdan sonra emosional açıqlamalar verən Niko Hülkenberq hisslərini belə ifadə edib: “Bu, həqiqətən möhtəşəm bir hissdir. Uzun zamandır bu anı gözləyirdik, elə deyilmi? Amma bu potensialın içimdə bir yerdə olduğunu həmişə bilirdim.

Nə möhtəşəm yarış idi! Demək olar ki, ən sondan başlamaq, ötən həftə olduğu kimi hər şeyi yenidən qurmaq…

Açığı, indi hər şey bir az reallıqdan uzaq gəlir. Necə baş verdiyini hələ də tam anlaya bilmirəm, amma dəlisov və xaotik şərait idi.

Yarışın böyük hissəsi sanki yaşamaq uğrunda mübarizə idi. Amma biz doğru qərarları, doğru anda, doğru təkərlərlə verdik və heç bir səhv etmədik. Doğrudan da inanılmaz idi.

Son pit-stopa qədər baş verənlərə inanmırdım. Amma sonra mənə dedilər ki, Lyuis ilə aramızda fərq artıb və düşündüm: “Yaxşı, bir az nəfəs ala bilərik”.

Amma sonra Lyuis sürətlə yaxınlaşmağa başladı, təzyiq geri qayıtdı. Gərgin bir yarış idi, ancaq təslim olmadıq, səhv etmədik və nəticədə çox-çox xoşbəxtəm”.

Rauf Hacıyev

Şərh əlavə et