Kokpit.az xatırladır ki, bu cəza Avstriya yarışının ilk dövrəsində baş verən insidentə görə verilib. Mercedes pilotu, üçüncü döngəyə yaxınlaşarkən arxa təkərləri kilidləyib və Maks Ferstappenə çırpılıb, nəticədə hər iki sürücünün yarışı başlamadan bitib. Stüardlar qəzanın tam məsuliyyətini Antonelliyə veriblər.
Sıralanma turundan sonra danışan Antonelli bildirib ki, Silverstoun trasındakı yüksək sürətli döngələrdə yaşadığı ilişmə və balans problemlərinin ona özünəinam itkisi yaşatdığını və bunun nəticədə performansına mənfi təsir etdiyini söyləyib.
Kimi Antonelli: “Ümumilikdə pis deyildi. Mükəmməl bir dövrə atmırdım, amma sıralanmanın bütövlüyündə yüksək sürətli hissələrdə çətinlik yaşadım və balans problemi gördüm. Bu da sessiya ərzində inamımı azaltdı.
Xüsusilə ikinci və üçüncü sektorlar mənim üçün həmişə çətin olub. Əlbəttə, cəzaya görə məmnun deyiləm, amma bir şeylər etməyə çalışacağıq.
Son sessiya olduqca çətin idi. Hər şey çox dəyişkən idi. Bir döngədə avtomobilin necə reaksiya verəcəyini təxmin etmək mümkün deyildi, çünki külək daim istiqamət dəyişirdi”.
Yağışlı start barədə isə Antonelli belə deyib: “Açıq danışsam, yağışlı start məni narahat etməz. Bəlkə bir neçə mövqe qazanmaq imkanı yarana bilər. Amma biz hər şeyə hazır olmağa çalışacağıq”.
Komanda yoldaşı Corc Rassell sıralanma turunda parlaq çıxış edərək dördüncü yeri tutub. Antonelli isə Rassell ilə oxşar sazlama istifadə etdiyini desə də, bəzi fərqlər olduğunu qeyd edib:
“Aerodinamika baxımından Corc məndən bir qədər aqressiv sazlama ilə çıxış edib, amma ümumi olaraq sazlamalarımız bir qədər fərqli idi. Açığı, mən yüksək sürətli döngələrdə inam çatışmazlığı yaşadığım üçün sazlamalarda lazım olan addımı ata bilmədim”.
Sonda isə bugünkü yarışla bağlı fikirlərini belə bölüşüb: “Bu gün nə olacağını proqnozlaşdırmaq çətindir, çünki ön sıralarda komandalar çox yaxındırlar. Ümid edirəm ki, yaxşı bir yarış keçirərik, hədəfimizi doğru idarə edərik və irəliləyiş göstərə bilərik. Məncə, yedincilik realist bir hədəf olar”.
Şərh əlavə et