Kokpit.az xatırladır ki, Aston Martin Britaniya Qran Prisinə bir neçə yeniliklə gəlmişdi.
Komanda cümə günü keçirilən sərbəst yürüşlərdə bu yenilikləri sınaqdan keçirdikdən sonra şənbə günü baş tutan sıralanma turunda Fernando Alonso ilə yeddinci, Ləns Strolla isə 17-ci olub.
İkiqat Dünya Çempionu komandanın bu kiçik yeniliklərlə doğru istiqamətdə bir addım atdığını bildirib: “Dünən yenilikləri sınaqdan keçirdik və yeni paket bir qədər üstünlük verdi, amma fərq çox böyük deyildi. Ona görə də məlumatları təhlil etmək bir qədər vaxt apardı.
Kiçik, lakin düzgün istiqamətdə bir addım atdıq. Yeniliklərdən mütləq istifadə edəcəyik demədik, amma bura hər kəs yeniliklərlə gəlib və sanki bütün komandalar bir-birinə yaxınlaşıblar.
Sıralanma turunda üçüncü sessiyaya qalmaq göründüyü qədər asan deyildi. Xüsusilə də üçüncü sərbəst yürüşün son dəqiqələrində qırmızı bayraq çıxması səbəbindən Soft təkərlərlə dövrə vura bilmədik. Buna görə də sıralanma turuna sazlanma, ön qanad və s. baxımından bir qədər qeyri-müəyyənliklə girdik. Çünki üçüncü sərbəst yürüşlərdə Soft təkərlərlə məlumat toplaya bilmədik.
Amma ümumilikdə, sıralanma turunda prosesə yaxşı nəzarət etdik. Sabah nəyə nail ola biləcəyimizi görəcəyik”.
Yarışdan gözləntiləri barədə Fernando Alonso belə danışıb: “Bazar günü uzun yarış olacaq. Qarşımıza çıxacaq çətinlikləri ciddiyə almalıyıq. Amma cümə günü maşın yarış tempində yaxşı idi. Təkərlər də yaxşı hiss etdirdi, buna görə də narahatlığım yoxdur. Baxaq görək xal qazana biləcəyikmi.
Yarışda yağışın yağmasını istərdim. Yarışın ortasında yağacaq yağış vəziyyəti daha maraqlı edə bilər. Çünki quru və normal keçən bir yarışda ən yaxşı halda səkkizinci, doqquzuncu və ya onuncu ola bilərik. Amma bir az yağışla beşinci də ola bilərsən, on beşinci də. Hazırda bu riski almağa dəyər. Itiriləcək bir şeyimiz yoxdur”.
Şərh əlavə et