Xəbəri Kokpitdə Oxuyun!

Britaniya-2025: McLaren-dən doğma meydanda dubl

Silverstoundakı mərhələ təqvimin on ikinci yarışı idi və mövsümün ilk yarısını yekunlaşdırırdı. Güc balansları artıq çoxdan aydın olsa da, demək olar ki, hər mərhələdə sürprizlər baş verirdi.

Komandalar maşınları təkmilləşdirir, traslar dəyişirdi, hava şəraiti fərqli olurdu və nəticədə güclər nisbəti də dəyişirdi – texniki reqlamentin dəyişməsindən əvvəlki bu son mövsüm maraqlı və gözlənilməz alınıb. Silverstoundakı yarışdan əvvəl kimin qalib olacağını əminliklə demək çətin idi.

Yarışdan əvvəl keçirilən dörd sessiyada dörd müxtəlif pilot liderlik edib – cümə günü Həmilton və Norris, şənbə səhəri Lekler məşqlərdə güclü olub, sıralanma turunu isə Ferstappen qazanıb.

Birinci cərgədən Ferstappen və Piastri, ikinci cərgədən Norris və Rassell, üçüncü cərgədən isə Həmilton və Lekler start alıblar. İki pilot start düzülüşündə cərimə səbəbilə yer itirib – Antonelli hələ Avstriyada Ferstappenlə toqquşmaya görə üç yerlik cərimə almışdı, Berman isə Silverstounda qırmızı bayraq rejimi zamanı qayda pozuntusuna görə on yerlik cərimələnmişdi. Franko Kolapintoya isə bağlı park rejimində güc qurğusu dəyişdirildiyi üçün pit-leyndən başlamaq qismət oldu.

Britaniya həftəsonu ənənəsinə görə, adətən azı bir gün yağış yağır. Bu dəfə həmin gün bazar günü olub. Ən çox əziyyəti gənclər seriyasının pilotları və tribunadakı tamaşaçılar çəkib. Formula 1 yarışının startına yaxın hava yaxşılaşıb, amma trasın bəzi hissələri hələ də yaş qalıb.

Pirelli bu mərhələyə adət olunandan daha yumşaq tərkiblər gətirib – C2, C3 və C4 müvafiq olaraq Hard, Medium və Soft rolunda olub. Yarışa hamı keçid təkərləri ilə başlayıb və qızdırma dövrəsini təhlükəsizlik maşını arxasında keçib.

Startdan əvvəl Lekler, Hacar, Rassell, Bortoleto və Berman pitə dönərək quru hava təkərləri ilə trasda yer almağa qərar veriblər. Beləliklə, start düzülüşü bu beş pilot olmadan formalaşıb.

Startda Ferstappen liderliyini qoruyub. Kolapinto pit-leyndən start ala bilməyib – ötürmələr qutusu sıradan çıxıb. Tsunoda ilə Louson arasında sıxışan Okon Lousona çırpılıb və hərəkətini davam etdirib, amma Lyamın maşını zədələnib və trasda dayanıb. TM trasa daxil olub. Antonelli sliklərə keçib. Üçüncü dövrədə ilk onluq: Ferstappen – Piastri – Norris – Həmilton – Qasli – Alonso – Sayns – Elbon – Tsunoda – Hülkenberq.

Dördüncü dövrədə Bortoleto trasdan çıxıb, çınqıllıq zonanı keçib və baryerə çırpılıb. Davam etməyə çalışıb, amma komanda istədiyinə görə dayanıb. Onun maşınını trasdan götürmək üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Yeddinci dövrədə Stroll pitə girib, slik (Soft) təkərlər taxıb.

Səkkizinci dövrədə restart elan edilib. Piastri Ferstappeni hücum edib və önə keçib – yarışı lider kimi davam etdirib və fərqi açıb. Doqquzuncu dövrədə Antonelli Lekleri 14-cü yer uğrunda ötməyi bacarıb, amma onuncu dövrədə Şarl mövqeyini geri qaytarıb.

Hülkenberq və Antonelli pitə girib, keçid təkərlərini dəyişiblər. On birinci dövrədə Stroll, Rassell və Lekler də pit-stop edib. Yağış başlayıb. Hadjar və Berman təkər dəyişib. Ferstappen səhv edib, trasdan çıxıb və Norrisi irəli buraxıb. 12-ci dövrədə Piastri, Norris və Ferstappen pitə girib. Landonun sol ön təkərinin dəyişilməsində ləngimə yaşanıb. Əvvəldən pitə girməyənlər də yaşıl təkərlərə keçiblər.

On üçüncü dövrədə Rassell Alonsonu, Qasli isə Həmiltonu ötməyi bacarıb. Yağış güclənib. Lekler çınqıllığa çıxıb, amma davam etməyi bacarıb. Yağış tez kəsilib. Maşınlar trasdakı suyu təmizləyib və 18-ci dövrədə restart verilib. Piastri liderliyini qoruyub. Rassell Həmiltonu ötsə də, Həmilton sonra onu və Okonu keçib. Rassell də Okonu üstələyib.

Həmin dövrədə Hacar ciddi qəza törədib – su şırnağı içində Antonelliyə arxadan çırpılıb. Təhlükəsizlik maşını yenidən trasda peyda olub. Okon təkər dəyişib. 21-ci dövrədə Antonelli pitə girib – arxadan aldığı zərbə nəticəsində sağ arxa diffuzoru zədələnib. Amma yenə də təkərləri dəyişib və trasda qalıb.

22-ci dövrədə restart elan edilib. Restartdan əvvəl Piastri demək olar ki, dayanıb və Ferstappen onu ötməli olub, amma Maks dərhal mövqeyini qaytarıb. Restartda Piastri liderliyini qoruyub. Ferstappen trasdan çıxıb və 10-cu yerə düşüb. Tsunoda Bermanı yerində fırladıb, amma hər ikisi yarışa davam edib.

TM arxasındakı manevrlərinə görə stüardlar Piastriyə 10 saniyəlik cəza verib. 24-cü dövrədə Antonelli pitə girib və yarışı tərk edib. Həmilton ilk döngədə trasdan çıxıb və Rassell onu ötməyi bacarıb. 27-ci dövrədə Həmilton Rasselli ötüb və altıncı yerə yüksəlib.

Tsunoda Bermanla insidentə görə 10 saniyəlik cəza alıb. 30-cu dövrədə Həmilton Qaslini üstələyib və beşinci yerə yüksəlib. 35-ci dövrədə Hülkenberq və Həmilton Strollu geridə qoyublar. Lekler Elbonu 11-ci yer uğrunda ötməyi bacarıb. 38-ci dövrədə Alonso ilk olaraq slik təkərlərə keçib, amma bu addımı tez atıb – Tsunodaya uduzub və ondan xeyli geri qalıb.

39-cu dövrədə Rassell təkər dəyişib və trasdan çıxaraq geriləyib. 42-ci dövrədə Həmilton, Stroll, Ferstappen, Qasli, Sayns, Berman və Tsunoda slik təkərlərə keçiblər. 43-cü dövrədə Həmilton trasdan çıxıb, amma geri qayıtmağı bacarıb. Hülkenberq, Lekler, Elbon və Okon təkər dəyişib.

44-cü dövrədə Piastri 10 saniyəlik cəzasını çəkib və təkərləri dəyişib, trasa ikinci yerdə qayıdıb. Berman və Okon toqquşub, hər iki maşın eyni anda yerində fırlanıb və yollarına davam ediblər. 45-ci dövrədə Norris pitə girib, Piastridən beş saniyə öndə çıxmağı bacarıb. Alonso Elbonu ötməyi bacarıb və səkkizinci yerə yüksəlib. Piastri əylənmə nöqtəsində trasdan çıxıb, amma yoluna davam edib.

46-cı dövrədə Lekler çınqıllığa çıxıb, vaxt və mövqe itirib, amma mübarizəni 14-cü yerdə davam etdirib. Trasın vəziyyəti yaxşılaşıb, hər dövrə bir saniyə sürətlənib. 48-ci dövrədə ilk onluq: Norris – Piastri – Hülkenberq – Həmilton – Stroll – Ferstappen – Qasli – Alonso – Elbon – Rassell.

McLaren komandası bildirib ki, komanda müdaxilə etməyəcək – sürücülər mübarizə apara bilərlər. Lakin Norris bir neçə sürətli dövrə vurub və Oskar onu yaxalaya bilməyib. 51-ci dövrədə Stroll səhv edib və Ferstappen onu ötməyi bacarıb, beşinci yerə yüksəlib. Son dövrədə Qasli də Strollu ötüb və altıncı yerə qalxıb.

Lando Norris ev trasında ilk, mövsümdə dördüncü, karyerasında isə 8-ci qələbəsini qazanıb. Oskar Piastri ikinci yeri tutub – McLaren mövsümdə beşinci və tarixində 54-cü dublunu əldə edib. Niko Hlükenberq yarışda 16 yer irəliləyərək karyerasında ilk podiumuna 239-cu yarışında yüksəlib. Bu, eyni zamanda Sauber komandası üçün 2012-ci ilin Ypaoniya Qran Prisindən bəri ilk podium olub.

Mübarizə 3 həftə sonra əfsanəvi Spa trasında davam edəcək…

Elçin Zodorov

Şərh əlavə et