Kokpit.az xatırladır ki, britaniyalı sürücü vətənindəki sıralanma turunda 8-ci ən sürətli zamanı göstərib, lakin o, aldığı cəzaya görə yarışa 18-ci yerdən başlayacaq.
20 yaşlı pilot şənbə günü səhər keçirilən üçüncü sərbəst yürüşlərinin sonunda Qabriel Bortolettonun qəzasından sonra çıxan qırmızı bayraq zamanı pit girişinə yaxınlaşarkən, soyuq təkər və əyləcləri nəzərə almadan sürətlənib və nəticədə maşının idarəetməsini itirərək, bariyerlərə çırpılıb. Bu təhlükəli hərəkət FIA tərəfindən qayda pozuntusu kimi qiymətləndirilib.
İnsidentdən sonra Sky Sports-a müsahibə verən Berman səhvin məsuliyyətini tam şəkildə öz üzərinə götürərək deyib: “Həqiqətən çox axmaq, çox səfeh səhv idi. Əyləclər və təkərlər tamamilə soyumuşdu, bunu nəzərə almadım. Əyləcə basanda maşının idarəetməsini itirdim. Özümə çox qəzəbliyəm”.
FIA gənc pilota bu hadisə ilə əlaqədar 4 cəza xalı verib və bununla Bermanın mövsümdəki ümumi cəza xalı 8-ə çatıb. O, daha əvvəl Monakoda da qırmızı bayraq qaydalarını pozduğu üçün startda yer itirmək cəzası almışdı.
Oliver Berman buna baxmayaraq komandasının artan performansına diqqət çəkib: “Bu gün heç olmasa bir şeyi sübut edə bildik: yeniliklər işə yarayır və sıralanma tempimiz güclüdür. Normalda yarış tempimiz daha yaxşı olur, amma şənbə günü son sessiyaya qala bildik. Bu da yarış üçün ümidvericidir”.
Şərh əlavə et