Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Ferrari-nin sürəti gözlənilməzdir

Mclaren komandasının sürücüsü Oscar Piastri cümə sərbəst yürüşlərindən sonra açıqlamalar verib.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Britaniyadakı birinci sərbəst yürüşlərdə üçüncü, ikinci sərbəst yürüşlərdə isə dördüncü olub. Hər iki sərbəst yürüşlərdə də Ferrari McLaren-ə yaxın olub.

Silverstounda keçirilən cümə sərbəst yürüşlərindən sonra danışan Oskar Piastri bildirib ki, Ferrari-nin göstərdiyi güclü performans bir qədər gözlənilməzdir, lakin McLaren-in yarış tempi daha güclüdür.

Cümə günü baş tutan ikinci sərbəst yürüşlərdə Soft təkərlərlə vurduğu dövrədən istədiyi nəticəni ala bilmədiyini deyən avstraliyalı pilot belə danışıb: “Soft təkərlə olan dövrəm bir az qeyri-stabil alındı, amma potensialın orada olduğunu düşünürəm. Yarış tempimiz də kifayət qədər güclü görünür. Maraqlı ilk gün oldu, rəqabət həqiqətən yüksəkdir”.

Silverstoun trasının yüksək sürətli döngələrində təsirli olan küləklə bağlı danışan Piastri, şəraitin çətin olduğunu bildirib: “Külək doğrudan da çox çətinlik yaratdı.

Həftəsonu ərzində daha da çətinləşəcək kimi görünür. Bu da vəziyyəti maraqlı edəcək. Buradakı yüksək sürətli döngələrdə küləyi çox hiss edirsiniz, bu da sürüşü kifayət qədər çətinləşdirir”.

Ferrari-nin tempi ilə bağlı suala isə açıq və səmimi cavab verən gənc pilot bildirib: “Düzünü desəm, bir az sürpriz oldu. Həm sıralanma tempjndə, həm də yarış tempində kifayət qədər güclü görünürdülər. Görünən odur ki, bu həftəsonu onlar da mübarizənin içindədirlər və bu da hər şeyi daha maraqlı edir”.

Oscar Piastri McLaren-in bu həftəsonu üçün yarış tempini inkişaf etdirməyə fokuslandığını və küləkli şəraitə baxmayaraq rəqabətədavamlı qalmaq istədiklərini bildirərək fikirlərini tamamlayıb.

Rauf Hacıyev

Şərh əlavə et