Xəbəri Kokpitdə Oxuyun!

Liberty Media MotoGP-ni satın alıb

Liberty Media Dorna Sports-dan MotoGP-ni tamamilə satın alıb.

Kokpit.az xatırladır ki, Liberty Media uzun müddət idi ki, MotoGP-ni almaq üçün danışıqlar aparırdı.

Liberty Media Avropa Komisiyasının səlahiyyətlərini aldıqdan bir həftə sonra bütün prosesləri nir həftə ərzində tamamlayıb. Beləliklə, amerikan şirkəti MotoGP-nin kommersiya hüquqlarını əlində saxlayan Dorna Sports-un 86 faizini 4.3 milyard dollara alıb. Qalan 14 faiz isə Dorna-nın rəhbəri Karmelo Espeletada və şirkətin əməliyyatlarından məsul Enrike Aldamada qalacaq. Onlar yenə də lider olaraq fəaliyyət göstərəcəklər. Onlara idman şöbəsindən məsul Karlos Espeleta və kommersiya sahəsindən məsul Dan Rossomonda dəstək verəcək.

Bununla da Liberty Media Formula 1-dən sonra dünyanın ən çox izlənilən avtoidman çempionatının da idarəsini ələ keçirib.

Xatırladaq ki, amerikalı şirkət 2017-ci ildə Formula 1-i 8 milyard qarşılığında satın almışdı. Liberty Media MotoGP-ni də Formula 1 kimi bütün dünyada populyar etməyi hədəfləyir. Dorna Şimali Amerika bazarında çox iş görmürdü. Bundan sonra Şimali Amerikada idmanın populyarlığının artması gözlənilir.

MotoGP-nin alımında Şon Bratçes və Çeyz Kerinin müstəsna rolları olub.

Çeyz Keri Formula 1-in rəhbəri olduğu illərdə büdcə limitini tətbiq etmiş və komandaların maliyyə cəhətdən düzəlməsini təmin etmişdi. Bundan başqa o, 2021-ci ildə komandalar arasında bonusların bölünməsini təmin edən Concorde müqaviləsini yeniləmişdi.

Çeyz 2021-ci ildə rəhbər vəzifəsindən getmiş, onu Stefano Domenikali əvəzləmişdi.

Formula 1-in kommersiya əməliyyatlarını idarə edən Şon Bratçes isə idmanın qloballaşmasında vacib rol oynamışdı. O, rəqəmsal kontentlərlə idmanın daha geniş kütlələrə çatmasına kömək olmuşdu.

Yeni İdarə Heyətinin ilk toplantısı həftənin birinci günü Dorna-nın mərkəzi ofisinin yerləşdiyi Madriddə olacaq. Hazırsa əsas məqsəd MotoGP-nin kommersiya tərəfidir. Yayım hüquqları, biletlər, reklam, sponsorluqlar və təqdimat strategiyalarının gücləndirilməsi üçün işlər görüləcək.

Rauf Hacıyev

Şərh əlavə et