Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Artıq hər şeyi anlayırıq

Ferrari komandasının sürücüsü Lyuis Həmilton ev trası Silverstounda keçirdiyi iki sərbəst yürüş sessiyasından sonra günü dəyərləndirib.

Kokpit.az xatırladır ki, Ferrari Silverstoundakı cümə sərbəst yürüşlərində güclü performans göstərib. Həmilton birinci sessiyada 1-ci, ikinci sərbəst yürüşlərdə isə üçüncü yeri tutub.

Britaniyalı pilot McLaren və Red Bull-un yeniliklər gətirməsinə baxmayaraq mübarizənin içində qala bilmələrini “olduqca təsirli” adlandırıb.

Lyuis Həmilton: “Bu gün doğrudan da yaxşı gün idi. Silverstounda Ferrari ilə trasda olmaq, bu izdihamın qarşısında çıxış etmək möhtəşəm idi. McLaren və Red Bull-un yeniliklər gətirdiyi bir gündə bizim hələ də mübarizədə qalmağımız çox müsbət haldır”.

Bu mövsüm cümə günləri temp tapmaqda çətinlik çəkən Həmilton, bu dəfə ilk yürüşdən etibarən tempi tutduğunu bildirib: “Maşınla daha yaxşı inkişaf əldə edirəm. Artıq nəyə ehtiyacımız olduğunu daha dəqiq anlayıram.

İkinci sessiyada istədiyimiz səviyyədə deyildik və bir qədər çətinlik çəkdim, amma hansı dəyişiklikləri etməli olduğumuzu tam olaraq bilirik”.

Ötən il qazandığı Britaniya Qran Prisi ilə bağlı suala cavab olaraq isə təcrübəli pilot deyib: “Bu həftəsonu güclü performans göstərmək arzusu qura bilərik. Hər şeyi bir araya gətirib maksimumu çıxarmaq başqa məsələdir, amma əlimdən gələni etməyə hazıram. Şənbə və bazar günü yağış yağma ehtimalı var, buna hazır olacağıq”.

Lyuis Həmilton Ferrari ilə çıxdığı ilk Silverstoun yarışında şənbə və bazar günləri üçün ümidli görünür, lakin dəyişkən hava şəraiti ilə bağlı ehtiyatlı yanaşmasını davam etdirir.

Rauf Hacıyev

Şərh əlavə et