Şənbə səhəri gənclər çempionatının iştirakçılarını buludlu, lakin quru hava qarşılayıb. Start vaxtı havanın temperaturu 19 dərəcə olub.
Poul qazanan Tasanapol İntrafuvasak startda liderliyini çətinliklə də olsa qoruyub. O, Kristian Honun hücumunu dəf edib. Lakin altıncı döngədə Ho ikinci yer uğrunda mübarizədə Teofil Nael tərəfindən geridə qoyulub. Çempionatın lideri Rafael Kamara bir pillə geriləyib və on birinci yerə enib.
Birinci dövrədə Brando Badoer rəqibi Nikola Çolovla insident yaşayıb. Çolov hərəkətini davam etdirib, amma Badoer çınqıllıqda ilişib və təhlükəsizlik avtomobili trasa çıxıb.
Yarış beşinci dövrədə yenidən başlayıb. Dördüncü döngədə Martinius Stenshorn rəqibi Hoya hücum edərək üçüncü yerə qalxıb. Kamara bir mövqe qazanıb və ilk onluğa daxil olub.
Altıncı dövrədə Teofil Nael birinci sektorda İntrafuvasaka hücum edib. Onlar bir neçə döngəni yanaşı keçib və Nael liderliyə yüksəlib. İlk onluqda ən fəal pilot Loran van Höpen olub – o doqquzuncu dövrəyə qədər dördüncü yerə yüksəlib.
Onuncu dövrədə komandası Naelə rəqibi İntrafuvasaka mövqeni qaytarmağı tapşırıb, çünki stüardlar tras hüdudlarını aşaraq ötmə manevrini araşdırmağa başlayıblar. Teofil tapşırığı yerinə yetirib və Campos pilotunu irəli buraxıb.
On üçüncü dövrədə Mari Boya Uqo Uqoçukvunu altıncı yer uğrunda ötüb. Növbəti dövrədə Boya daha bir mövqe qazanıb və Honu da geridə qoyub. Bu cütün qarşısında Stenshorn Naelə hücum edib və ikinci yerə qalxıb.
On altıncı dövrədə Nael və van Höpen üçüncü yer uğrunda təkər-təkərə mübarizə aparıblar, lakin bu fürsətdən Boya istifadə edib və son döngədə hər ikisini ötüb.
Tasanapol İntrafuvasak Stenshorna hücum məsafəsinə yaxınlaşmağa imkan verməyib və yarışı qazanlb – bu, onun karyerasındakı ilk qələbədir. Podiumu Mari Boya tamamlayıb, bu isə onun mövsümdə üçüncü podiumudur.
Teofil Nael yarışın ən sürətli dövrəsini göstərib və dördüncü olub, lakin finişdən dərhal sonra tras hüdudlarını aşaraq van Höpenlə mübarizədə üstünlük əldə etdiyi üçün stüardlar onun nəticəsinə 10 saniyə əlavə ediblər. Nəticədə Nael 12-ci yerə geriləyib.
Çempionatın lideri Rafael Kamara səkkizinci, ikinci yerdə olan Tim Tramnitz on birinci, Nikola Çolov isə iyirmi doqquzuncu yerdə finişə çatıb.
Şərh əlavə et