Yarışa üçüncü yerdən start alan Hitech komandasının sürücüsü Dino Beqanoviç yerindən tərpənə bilməyib. Onun maşını pit yoluna itələnib. Bununla da o, yarışa sonuncu yerdən başlamalı olub.
Startda ən yaxşı reaksiya Kuş Maynidən gəlib – o, ilk döngələrdə liderliyi ələ alıb, amma Fornaroli dərhal onu təqib etməyə başlayıb və artıq ikinci dövrədə birinci yerini qaytarıb. Montoya isə üçüncü yerə yüksəlib və podium şansı qazanıb.
Çempionatın lideri Riçard Fersxorun startda bəxti gətirməyib – o, 10-cu yerə qədər geriləyib və bu zaman onun arxasında əsas rəqibi Aleks Dann olub.
Sprintdə yalnız ilk səkkizliyə xal verilir. Buna görə də 8-ci yer uğrunda ciddi mübarizə gedib – Arvid Lindblad və Lyuk Brauning 1 xal uğrunda mübarizə apararkən təmas yaşayıblar.
8-ci dövrədə Aleks Dann Qabriyele Miniyə hücum edib və ötmə uğurlu alınıb, amma Mini əks hücum edərkən onların arasında təmas olub. Dannın maşınının arxa sağ təkəri deşilib və o, boksa getməli olib və yarışa sonuncu yerdə qayıdıb.
Fersxor bu vəziyyətdən yararlanıb və 9-cu yerə yüksəlib. Bu insidentin baş verdiyi sektorda sarı bayraqlar dalğalanıb, çünki trasdan dağıntılar təmizlənirdi.
13-cü dövrədə Montoya Mayniyə çatıb və hücuma hazırlaşıb. Növbəti dövrədə Miniyə Dannla toqquşmaya görə 10 saniyə cəza verilib , lakin Mini 12-ci yerdə olduğu üçün cəza böyük fərq yaratmayıb.
Son altı dövrəyə başlayanda Montoya 15-ci döngədə Maynini ötüb və ikinci yerə yüksəlib. Lakin Maynini artıq Roman Stanek təqib etməyə başlayıb. Staneki isə Coşua Dürksen sıx izləyib, onun arxasınca isə Krouford gəlib – yəni yarışın son dövrələri daha da gərgin keçib.
Üç dövrə qalmış Montoya tempini artırıb və Fornaroli ilə fərqi 1.5 saniyəyə endirib. Stanek isə Maynini ötməyə çalışıb, lakin Kuş mövqeyini qoruyub. Brauning Marteni ötməyə çalışsa da, fransız pilot imkan verməyib.
Stanek radiodan Maynini şikayət edib: “trasda sağa-sola gedir, ötə bilmirəm.” Amma son dövrədə çex pilot trasdan çıxaraq onu ötüb. Stüardlar bu epizodu araşdıra bilər.
Son dövrədə Brauning Martenə hücum edib, aralarında təmas olub, amma Lyuk bir yer qazanıb.
Yarışı isə Leonardo Fornaroli qazanıb, startdakı uğursuzluğu kompensasiya edib – bu, onun Formula 2-də ilk qələbəsidir. Sebastyan Montoya ikinci olub – bu, onun mövsümdəki ən yaxşı nəticəsinin təkrarıdır. Üçüncü olan Stanek isə komanda yoldaşı Fornarolini səmimi şəkildə təbrik edib – beləliklə, Invicta Racing üçün ikili podium qeydə alınıb.
Fersxor 8-ci yerdə finiş görüb. Aleks Dann isə mübarizəni dayandırmalı olub – nəticədə Fersxor turnir cədvəlində fərqi daha 1 xal artırıb və şəxsi hesabda üstünlüyünü 25 xala çatdırıb.
Şərh əlavə et