Xəbəri Kokpitdə Oxuyun!

Antonelli: Heç kimlə danışıq aparmamışam

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, o başqa komandalarla danışıqlar aparmır.

Kokpit.az xatırladır ki, Maks Ferstappenin Mercedes-ə keçəcəyi ilə bağlı söz-söhbətlər günü-gündən artır. Bu keçid baş tutsa, onun kimi əvəzinə gələcəyi isə hələ məlum deyil. Corc Rassellin müqaviləsi ilin sonunda başa çatacaq. Kimi Antonellinin isə əksinə Mercedes-lə çoxillik müqaviləsi var.

Mercedes komandasının rəhbəri Toto Volff da Maks Ferstappenlə danışıqlar apardıqlarını təsdiqləyib.

Kimi Antonelli: “Başqa komandalarla danışıqlar aparmıram. Olduğum yerdən çox razıyam. Komandanın məndən nə gözlədiyini bilirəm. Bu mövzuda çox qətiyik. Hazırda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Komanda mənə çox inanır və buna görə də narahat deyiləm”.

Kimi Antonelli hazırda 63 xalla Sürücülər Çempionatında yeddinci yerdədir. 18 yaşlı sürücü Kanada yarışında üçüncü yeri tutaraq, debüt mövsümündə ilk podiumunu qazanıb.

İtalyan sürücü debüt mövsümü barədə bunları deyib: “Əvvəl onu deyim ki, əla hissdir. Mövsümün 12-ci yarışındayıq və vaxt çox tez keçdi. Yaxşı və pis xatirələrimiz oldu.

Ümumilikdə özümü pis hiss etmirəm. Amma çox xoşbəxt də deyiləm. Çünki çox səhv etdiyimi düşünürəm. Xüsusən də mövsümün əvvəli ideal keçmədi. Amma müasir dövrdə Formula 1-də gərgin mübarizə gedir. Sıralanma turuna baxanda fərqlərin az olduğunu görürsünüz. Buna görə də diqqətli olmalısınız. Hər xırdalığı dəyərləndirmək lazımdır. Bir az geri düşəndə işlər qarışır və özünüzə gəlmək çətin olur.

Yaxşı və pis xatirələrimiz olub. Amma hazırda vəziyyəti daha yaxşı anlayıram və hər şeyə daha yaxşı nəzarət edirəm. Bu da mənə mövsümün ikinci yarısında kömək edəcək. Tamamilə xoşbəxt olmasam da, məyus deyiləm”.

Rauf Hacıyev

Şərh əlavə et